Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Kəpəz" klubunda hər kəs iyunun 1-ni gözləyir.
Fanat.Az-ın əldə etdiyi bilgiyə görə, Gəncə klubundan ayrılacaq futbolçuların adları həmin gün açıqlanacaq.
Məsələ burasındadır ki, futbolçularla müqavilələr mayın 31-nə qədər nəzərdə tutulub və rəhbərlik anlaşmanın başa çatmasını gözləyəcək. Cavid İmamverdiyev, Tural Rzayev kimi təcrübəli adların Premyer Liqada da "Kəpəz"in şərəfini qoruyacağı bildirilir. Yeni transferlərlə bağlı da məlumatlar var. Qərb təmsilçisi qapıçı Aydın Bayramovla prinsipial razılıq əldə edib. Andrey Popoviçin gəlişindən sonra "Sumqayıt"da "1 nömrə" ünvanını itirən 26 yaşlı qolkiper vaxtilə U-21-də Vahabzadənin rəhbərliyi altında oynayıb. Ümumiyyətlə, təcrübəli mütəxəssisin yığmada güvəndiyi futbolçuları "Kəpəz"ə cəlb edəcəyi bildirilir.
Komandanın növbəti mövsüm üçün planları isə qarşıdakı bir həftə ərzində müəyyənləşməlidir. "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə saytımıza açıqlamasında belə danışdı:
"Təbii ki, komandadan ayrılanlar olacaq. Amma indidən ad açıqlamaq istəmirəm, çünki mayın 31-dək müqavilələri var. Rəhbərliklə növbəti mövsümün planını müzakirə etmək üçün yekun iclasımız olmalıdır. İmkanları bilməliyik ki, ona uyğun komanda quraq. Fikrim belədir ki, heyəti əsasən gənclərdən formalaşdırım. "Kəpəz"də görmək istədiyim adlar da var. İyunun 1-ni gözləyək".
Mirağa