Polşanın 4-cü liqa klubu "Sokol Slopnitse"də çıxış edən azərbaycanlı qapıçı Şahin Zəkiyev yay fasiləsində iş yerini dəyişə bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, özünü yaxşı tərəfdən göstərən 22 yaşlı qolkiper "Bruk-Bet Termalika"nın diqqətini çəkib.
Bu mövsüm Ekstraklassanı tərk edən "Termalika"nın əvəzedici komandasının məşqçiləri Zəkiyevlə ilkin danışıq aparıblar. Bu klub "Sokol"la müqayisədə daha yaxşı şəraitə malikdir.
Şahin Zəkiyev saytımıza açıqlamasında yeni təkliflə bağlı ətraflı məlumat vermək istəmədi: "Düzdür, danışıblar mənimlə. Amma söhbət məşqçi səviyyəsində olub. Son sözü "Bruk-Bet Termalika"nın rəhbərliyi deməlidir. Mən indidən nəsə deyib özümü və sizi pis vəziyyətdə qoymaq istəmirəm. Dəqiqləşsin, sonra danışarıq. Yalnız onu deyə bilərəm ki, "Bruk-Bet Termalika"da oynamağa razıyam. Amma indi bütün diqqətimi "Sokol"dakı çıxışıma yönəltmək istəyirəm. Çünki burda mövsüm hələ davam edir. İyunun sonlarında Bakıya dönəcəyəm. Ümid edirəm ki, o vaxta qədər karyeramla bağlı suallara da aydınlıq gələr".
Mirağa