Bu gün UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan yığması ilk oyununa çıxacaq. Millimiz səfərdə Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.
2011-ci ildə yığmamız doğma meydanında Mərkəzi Asiya təmsilçisi ilə 7-ci oyununu keçirib. Həmin matç təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 11 il öncəyə təsadüf edən görüşdə komandamızın qollarından birini o zaman "Bakı" klubunun şərəfini qoruyan Vaqif Cavadov vurub. Cavadov həm də Qazaxıstanın "Turan" klubunda məşqçi kimi də şalışıb.
Azərbaycan yığmasının rəqibi ilə həm futbolçu, həm də məşqçi kimi tanış olan 33 yaşlı mütəxəssis bugünku oyunla bağlı gözləntilərini Fanat.Az-a bölüşüb.
Cavadov öncə Qazaxıstan millisinin indiki durumundan danışıb:
"Əvvəlcə qeyd edim ki, Qazaxıstan seçməsinin 10 əsas oyunçusu millinin düşərgəsinə gəldikən sonra müxtəlif səbəblərdən toplanışı tərk ediblər. Bu 2 və ya 3 nəfər deyil. 10 nəfər millinin 50 faizini təşkil edir. Bu fakt artıq Azərbaycan millisi üçün ciddi üstünlükdür. Amma oyun vaxtı bizim bundan necə yararlanacağımızı zaman göstərəcək. Biz həmişə Qazaxıstan millisinə qarşı yaxşı oyun nümayiş etdirmişik. Bəli, uduzduğumuz oyunlar da olub. Amma söhbət əzmkarlıqdan və istəkdən gedir. İnanıram ki, bu gün bizim uşaqlar qalib gələcəklər. Onlara uğurlar arzu edirəm.
Yığmamızın futbolçuları üçün baş verə biləcək çətinliklərdən biri də süni ot örtüyü amilidir. Rəqib oyunçular belə stadionlarda çıxış etməyə öyrəşiblər. Meydança qapalı olacaq. Qazaxlar belə şəraitdə də oynamağa alışıb. Amma bizim futbolçular əksinə, açıq havada və təbii ot örtüyündə mübarizə aprmağa üstünlük verirlər".
Azərbaycan seçməsinin sabiq vingeri ölkəmizdə mövsümün yenicə başa çatmasına, ümumi yorğunluq amilinə də toxunub:
"Mövsüm başa çatdıqdan sonra futbolçularda yorğunluq və istirahət istəyinin olması normal haldır. Bu zaman komandanın baş məşqçisi futboloçularla pxixoloji təsir üsulu tapmalı və onlara motivasiya verməlidir. Söz düşmüşkən, keçmişi yada salacağam, bizim dönəmdə də belə hallar olub. Amma indiki futbolçulardan fərqli olaraq biz özümüz də nə üçün və kim üçün oynadığımızı dərk edirdik. Milli komandanın uğurları üçün mübarizə aparmaq, çalışqanlıqla oynamaq, əlimizdən gələni əsirgəməmək bizim əsas məqsədimiz idi. Fərq etməz, udduq və ya uduzduq. Biz Azərbaycan milli komandasının formasını geyinirdik və sona qədər mübariz olmağa çalışırdıq. Hamı mənimlə razılaşar ki, bu gün yığmamızda çatışmayan ən əsas amillərdən biri budur. Milli komandanın heyətinə düşmək sevinc idi, qürur idi... Bununla fəxr edir və özümüzü doğrultmağa çalışırdıq. Arzulayırdıq ki, bizi millinin düşərgəsinə çağırsınlar. Bunu səbrsizliklə gözləyirdik. Yaranan şansdan istifadə edib komandanın daimi futbolçusuna çevrilməyi planlaşdırırdıq. Əminliklə bir daha qeyd edim ki, həmin ab-hava indi yoxdur. Mövsüm sonu, istirahət... Məncə, ölkə millisinin şərəfini qoruyarkən futbolçu belə şeyləri düşünməməlidir. Ölkədə yüzlərlə peşəkar futbolçunun içindən seçilmiş adamlardır. Bunu dəyərləndirmək lazımdır. Bəli, aydındır ki, uduzuruq, uduruq, bu heç... Amma mübarizə aparmaq tərzi var. Oyunumuzu izləyən azarkeşlər mübarizlik görməli, çalışqanlıq, xarakter müşahidə etməlidir. Boşalan stadionları doldurmaq lazımdır. 2009-dan 2015-ci ilə qədər olan azarkeşləri yenidən stadiona qaytarmaq lazımdır.
Bütün futbolçulara uğurlar arzu edirəm. Komanda oyunu gözləyirəm. Kimin qol vurması fərq etməz. Əsas odur ki, nəhayət, bizim milli komandamız nəyə qadir olduğunu göstərə bilsin, komanda olaraq yumruğu bir nöqtəyə vursun. Sonadək mübarizə aparsalar, inanın ki, azarkeşlər istənilən halda, onları alqışlayacaq. Vuruşmaq lazımdır. Nəticə pis ola bilər, amma oyunu izləyən azarkeşlərimiz milli üzvlərinin can-başla vuruşduğunu görən zaman ümidlənəcək və daha çox dəstək olacaqlar. Komandamıza uğurlar!"
Emin Şəmsiyev