Növbəti mövsüm Birinci Divizionda çıxış edəcək "Mingəçevir"də bu gün rəhbərliklə məşqçilər heyəti arasında görüş olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, görüşdə yay hazırlıq planları müzakirə olunub.
Bu barədə klubun İdarə Heyətinin sədri Rövşən Əhmədov saytımıza açıqlama verib: "Məşqçilər heyəti ilə görüşdük, müəyyən məsələləri götür-qoy etdik. Qərara gəlindi ki, iyulun 5-də komandada seleksiyaya start verilsin. On gün və ya iki həftə ərzində davam edəcək seleksiyaya yerli və başqa bölgələrdən dəvət olunacaq futbolçular qoşulacaq. Əsasən yerlilərə üstünlük veriləcək. Ancaq az-çox üzdə olan tanınan futbolçular da cəlb edə bilərik. Bu işi məşqçilər kollektivinə həvalə etdik.
Növbəti mövsümə hazırlıq çərçivəsində təlim-məşq toplanışına avqustun əvvəlində başlayacağıq. Təxminən üç həftəlik hazırlıq kifayət edəcək. Avqustun 10-20-si aralığında üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər "Kəpəz", "Zaqatala" və "Qəbələ" ola bilər. Yəni bu yöndə danışıqlar aparılacaq".
Qeyd edək ki, Peşəkar Futbol Liqasının dünən açıqladığı məlumata əsasən, Birinci Divizionda 2022/2023 mövsümü 24 avqust tarixində start götürəcək.
Mirağa