Növbəti mövsüm Birinci Divizionda çıxış edəcək "Mingəçevir" bir həftə sonra seleksiya məşqlərinə start verəcək.
Klubun İdarə Heyətinin sədri Rövşən Əhmədov Fanat.Az-a açıqlamasında hazırlıq prosesinə qatılmaq üçün müraciətlərin çox olduğunu deyib:
"İyulun 11-də, saat 18:00-da Mingəçevirdə seleksiya prosesi başlayacaq. Xeyli futbolçu müraciət edib. Əsasən şəhərin öz yetirməsi olan gənclərə üstünlük verilir. Aralarında az-çox tanınmışlar - "Qəbələ", "Sumqayıt" və "Kəpəz"in heyətində Premyer Liqada çıxış etmiş Roman Hüseynov, vaxtilə "Xəzər Lənkəran"da oynamış Elsevər Bəkirzadə də var".
"Mingəçevir"in rəhbəri klubun büdcəsinin hələ müəyyənləşmədiyini də vurğulayıb: "Təəssüf ki, büdcə müəyyənləşmədiyi üçün hələ qərarlar verə, hansısa futbolçunun keçidini rəsmiləşdirə bilmirik. Elə bu gün AFFA-nın baş katibi Sərxan Hacıyevlə bununla bağlı danışığımız oldu. Dedi ki, yaxın günlərdə büdcə bəlli olacaq. İnşallah, bundan sonra biz də büdcəyə uyğun fəaliyyət planımızı açıqlayacağıq. Onu deyə bilərəm ki, komanda avqustda təlim-məşq toplanışına start verəcək. Yoxlama oyunları da hazırlığın həmin mərhələsində keçiriləcək".
Mirağa