"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə yenildiyi (0:1) Polşa "Lex"ini 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adladı. II təsnifat mərhələsində "köhlən atlar"ın rəqibi son İsveçrə çempionu "Sürix" olacaq.
"Səbail"in keçmiş baş məşqçisi Aftandil Hacıyev Fanat.Az-a açıqlamasında həm dünənki oyun, həm də ağdamlıların növbəti rəqibi ilə bağı fikirlərini bölüşüb:
"Oyundan qabaq gözləntilərim nikbin yöndə idi. Çünki Poznandakı görüşdə "Qarabağ" yaxşı oynamışdı. Məğlub olmasına baxmayaraq, diktə edən tərəf idi. Sadəcə, "Lex" "açar oyunçular"a daha çox diqqət yetirib onları nəzarətdə saxlaya bilmişdi. Müdafiəçiləri sıx oynaqları üçün real qol epizodlarımızın sayı az olmuşdu. Bununla belə, 4-5 epizod var idi ki, fərqlənə bilərdik. Fikrimi ümumiləşdirsəm, "Lex" doğma azarkeşlər önündə və güclü dəstək sayəsində meydana daha yüksək motivasiya ilə çıxmışdı. Amma cavab görüşündə şansları olmadı.
Gözləyirdim ki, Bakıda hücumlarımızın sayı çox olacaq. Həm də rəngarəng həmlələr olmalı idi ki, oyun 1-2 nəfərin üzərində qurulmasın. Bu baxımdan Qurban Qurbanovun orta sahədəki dəyişiklikləri həlledici oldu. Diqqəti cinahlardan yayındırmaq üçün Marko Yankoviç və Filip Ozobiç ilk dəqiqələrdən meydana buraxılmışdı. Plan işə yaradı, hər şey "Qarabağ"ın istədiyi kimi alındı. Düzdür, ilk saniyələrdə buraxılan qol gözlənilməz oldu. Amma sistem pozulmadı. Ümumiyyətlə, "Qarabağ" hətta uduzanda belə, öz oyun üslubundan əl çəkmir, səbrlə, sabit çıxış edir və bu, çox vaxt bəhrəsini verir. Ayrı-ayrılıqda hansısa futbolçunu fərqləndirmək istəməzdim. "Qarabağ" komanda şəklində yaxşı oynadı. Qollar da rəngarəng alındı. Bir sözlə, layiqli qələbə qazandılar".
40 yaşlı mütəxəssis yaxın keçmişdə "Sürix"lə qarşılaşdığını yada salıb:
"Sürix"i az-çox tanıyıram. Üç il əvvəl bu komanda ilə Antalyada yoxlama görüşündə qarşılaşmışıq. Həqiqətən də yüksək səviyyəli oyunçulara sahib olduqlarını deyə bilərəm. Baxmayaraq ki, biz onlara uduzmadıq, 1:1 oynadıq. Hətta həmin oyunda qaçırdığımız bir penalti də olmuşdu.
"Sürix" haqda ancaq müsbət fikirlər söyləmək olar. Təsadüfi deyil ki, son mövsümdə rahat şəkildə İsveçrə çempionu olublar. Ötən mövsüm "Qarabağ"ı Konfrans Liqasının qrupunda üstələyən "Bazel"i böyük fərqlə qabaqlayaraq qızıl medallara sahib çıxıblar. Səhv etmirəmsə, 2-ci yerdən 14 xallıq fərqlə qalib olublar. Bu, təmsilçimizi necə ağır oyun gözlədiyini ehtimal etməyə imkan verir. Qənaətimə görə, "Qarabağ"ın oyun üslubu daha da təkmilləşib, keyfiyyəti yüksəlib. Bunun davamını növbəti mərhələdə də gətirəcəklərinə inanıram. "Sürix" "Lex"dən daha reytinqli və səviyyəli komanda olsa da, "Qarabağ" Avropada isveçrəlilərdən də güclü, çətin rəqiblərlə qarşılaşıb və böyük oyun təcrübəsi var. Komandamıza inanır və uğurlar arzu edirəm".
Mirağa