İsveçrənin "Sürix" komandasının baş məşqçisi Franko Foda Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 56 yaşlı mütəxəssis belə danışıb:
"Rəqibin əvvəlki oyundakı nəticəsi bizi qorxutmur. "Qarabağ"ın "Lex"ə qarşı Polşadakı matçını canlı izləmişik. Bakıdakı oyuna da baxmışıq, rəqibi təhlil etmişik. "Qarabağ" irəlidə üç futbolçu ilə oynayır və çoxlu pressinq edir. Hər komanda kimi onların da problemləri var. Biz müdafiədə sıxlıq yaratmağa çalışacağıq. Əks-hücumlardan fərqlənmək istəyirik".
Heyətlə bağlı problemlərinin olmadığını söyləyən Foda İsveçrə Super Liqasında "Yanq Boyz"a 0:4 hesabı ilə uduzduqları I tur matçından söz açıb: "Komandada ab-hava yaxşıdır. Son qarşılaşmamızda hesab oyuna görə olmadı. Penaltini boşa verdik, hesabda önə də keçə bilərdik. Artıq həmin görüşü unutmuşuq. Tam olaraq sabahkı oyuna köklənmişik".
Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sürix" qarşılaşması saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq. Azərbaycan təmsilçisi I təsnifat mərhələsində "Lex"ə səfərdə 0:1 hesabı ilə uduzsa da, evdə 5:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.