Misli Premyer Liqasının ilk turunda "Sumqayıt" səfərdə "Sabah"a 0:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Aleksey Baqa oyundan sonra keçirilən mətbuat konfransında çıxış edib:
"Bu hesab bir neçə amilin nəticəsidir. Məğlubiyyətdə rəqibin səviyyəsi də öz sözünü dedi. Ümumi səhvlər və əldə etdiyimiz imkanlardan yararlanana bilməməyimiz nəticəyə təsir etdi. Qələbə qazanmaq istəyirdik. İlk hissədə rəqibə oynamağa imkan verdik. İkinci yarıda hesabı bərabərləşdirmək istəsək də, alınmadı.
Bir oyunla komandaya qiymət vermək düzgün olmaz. Çempionat yeni başlayıb. Tam hazırlığımızı görmək üçün 1-2 dövrə keçməlidir. Heyətin formalaşması başa çatmayıb. Transfer pəncərəsi davam edir. Yeni oyunçular axtarırıq.
Yeni transferlərin komandaya uyğunlaşması üçün vaxta ehtiyac var. Bu prosesin tez olması üçün çalışırıq. Bizim üçün yeni dönəmdir. İlk dəfədir ki, heyətdə legionerlər var. Kəmiyyət keyfiyyət deyil".
Belaruslu mütəxəssis "Legionerli, yoxsa legionersiz "Sumqayıt" daha güclüdür?" sualına bu cür cavab verib: "Bu barədə danışmaq futbolçulara və məşqçilərə qarşı düzgün olmaz. Əvvəl legionersiz komanda uğurlar əldə edib. Ona görə də şərh etmək istəmirəm.
Baqa komandanın kapitanı Vurğun Hüseynovu ehtiyatda qalmasına belə aydınlıq gətirib: "Kimin yaxşı, kimin pis olduğunu demək olmaz. Heyət seçimim belə idi. Qolda kimisə günahlandırmaq istəmirəm. Zəncirvari səhvlər idi. Digər tərəfdən baxanda bizim də hücumlarımız olurdu, amma cinahdan ötürmələrimiz boş zonalara gedirdi".