Ötən mövsüm Region Liqasındakı mübarizənin yetərincə maraqlı alındığı faktdır.
"Cəbrayıl" və "Xan Lənkəran" arasında baş tutan final matçı isə yəqin ki, futbolsevərlərin yaddaşından silinməyəcək.
Cəbrayıllıların 1:0 hesablı qələbəsi ilə bitən qarşılaşma istər gərginlik, istərsə də idman prinsipləri baxımından zövqləri oxşadı, əməlli-başlı ajiotajla müşahidə edildi. Artıq "Xan Lənkəran"ın sözügedən liqada mübarizə aparmayacağı dəqiqləşibsə, baş məşqçi Cavid Hüseynovun elita təmsilçisi "Şamaxı"ya keçidindən sonra "Cəbrayıl"ın da aqibətinin necə olacağı bilinmir.
Bəs görəsən bu mövsüm Region Liqasında yeni komandalar görəcəyikmi?
Suala aydınlıq gətirmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı aradıq. Onun Fanat.Az-a verdiyi açıqlama belə oldu:
"Böyük ehtimalla, yenilər olacaq. Amma hələ qeydiyyat başlamayıb. Bu səbəbdən, komandalar qeydiyyatdan keçdikdən sonra dəqiq biləcəyik. Onu da deyim ki, yenilər üçün elan avqustun 20-dən sonra veriləcək".
Nihat