AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunun (FİF) Gəncə, Tovuz, Mingəçevir, Lənkəran və Zaqatalada nümayəndəliklərinin olmasına qərar verilsə də, hələ ki "Turan Tovuz"la bağlı layihələr uğurla icra olunur. Daha doğrusu, kluba avtobus alınması üçün başladılan "Turan 100K" layihəsi kifayət qədər maraqla qarşılanıb. Halbuki elitada klubu olan Gəncə, eləcə də divizionda eyniadlı komandası yarışacaq Mingəçevir daha böyük şəhərdir və prinsipcə, orada geniş ianə toplamaq mümkündür.
Fondun icraçı direktoru Tural Piriyev bu barədə Fanat.Az-a açıqlama verib.
AFFA rəsmisi "Kəpəz" və "Mingəçevir"lə bağlı yaxın günlərdə yeni layihələrin icrası barədə açıqlama veriləcəyini deyib:
"Turan 100K" layihəsi hələ təzə istifadəyə verilib. Uğurlu olub-olmayacağı haqda danışmaq tezdir. Ümumilikdə, ideya olaraq bəyəniblər. Əsas odur ki, özünü doğrultsun. Bu hazır platformadır. Bunu biz hazırlamışıq və istənilən digər kluba tətbiq edə bilərik. Gəncə təmsilçisi "Kəpəz"lə bağlı da platforma hazırlanıb. Demək olar ki, yekun mərhələdədir.
Layihədə pikselin məbləğini hər bölgəyə uyğun azaltmaq və ya artırmaq da olar. Məqsəd 100 000 manatın yığılmasıdır. Layihə həm "Turan Tovuz", həm də "Kəpəz"də avtobusların alınması üçün nəzərdə tutulub. Yeri gəlmişkən, bəzi yerlərdən eşidirəm, deyirlər: "Bu necə komandadır, Premyer Liqada oynayır, amma avtobusu yoxdur". Halbuki Azərbaycan Premyer Liqasında oynayan komandaların yarısı avtobuslarını icarəyə götürüb. Bu isə daimi xərcdir. Hər ay bəlli bir məbləğ ödənilir. Hazırda "Turan" da, "Kəpəz" də avtobuslarını icarəyə götürüb. Amma biz istəyirik ki, onların şəxsi avtobusları olsun.
Yığılan məbləği digər sahəyə də yönəltmək olar.
Bizim bu layihədən başqa "ianə portalı"da var. Hazırda test rejimindədir. Burada məqsəd həm də insanların ianə davranışlarını öyrənməkdir. Son illərdə bizdə ianəyə maraq var, belə bir mədəniyyət formalaşıb. Hazırda digər klublar üçün ianə toplanması getmir amma ayrı-ayrı yerlərdə müəyyən işlər görülür.
Bilet satışından əldə olunan məbləğ artıq "Turan Tovuz"a təqdim olunub. "Mingəçevir" klubunun sponsoru ilə bağlı danışıqlar sona çatmaqdadır. Artıq yaxın günlərdə müqavilə imzalanacaq.
İanə portalının hazırlanması uğrunda işlər gedir. Pilot layihələri öyrənmək istəyirik. Ona görə müəyyən qədər yubanma olacaq. Daha doğrusu, bu əvvəldən belə nəzərdə tutulub, iş plana əsasən gedir".
Mirağa