Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" 5 ildən sonra yenidən tarix yazmağa yaxındır.
Qitənin ən nüfuzlu klub turnirinin pley-offuna qədər uğurla irəliləyən "köhlən atlar" qrupun bir addımlığındadır. İki gün əvvəl Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qolsuz heç-heçə oynayan Qurban Qurbanovun yetirmələri cütün taleyini səfərdə həll etməyə çalışacaq. Çexiya çempionu ilə cavab görüşü 23 avqust tarixində baş tutacaq.
Fanat.Az xəbər verir ki, bu tarix "Qarabağ" üçün uğursuz, amma eyni zamanda uğurlu olub.
Ağdam təmsilçisi indiyə qədər avrokuboklarda 23 avqust tarixində cəmi 2 dəfə meydana çıxıb. İlk oyun 2017-ci ilə təsadüf edib. "Qarabağ" həmin tarixdə - klub prezidenti Tahir Gözəlin doğum günündə UEFA Çempionlar Liqasının pley-offunda "Kopenhagen"lə üz-üzə gəlib. Cavab görüşü çərçivəsində Danimarkada baş tutan görüşdə təmsilçimiz məğlub olub - 1:2. Bununla belə, həmin oyun Azərbaycan futbolunun tarixinə düşüb. Belə ki, evdə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" səfər qolunun hesabına mərhələ adlayaraq Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna düşüb.
"Qarabağ" növbəti - 2018-ci ildə də 23 avqustda avrokubok oyunu keçirib. Bu, "Şerif"lə Avropa Liqasının pley-offuna təsadüf edib. Fərq ondadır ki, sözügedən görüş mərhələnin ilk qarşılaşması olub. Ağdamlılar səfərdə baş tutan matçda 0:1 uduzub. Ancaq Qurban Qurbanovun komandası bir həftə sonra Bakıdakı cavab görüşündə rəqibini darmadağına (3:0) məruz qoyaraq AL-in qrupuna düşüb.
Başqa sözlə, hər iki məğlubiyyət ikili hisslərlə xatırlanır. "Qarabağ"ın "Viktoriya" ilə səfər qarşılaşmasında isə mümkün məğlubiyyətə "sevinmək" kimi seçim yoxdur. Düzdür, istənilən halda, "köhlən atlar" Avropa Liqasının qrupunu təmin edib. Amma söhbət konkret mərhələni adlamaqdan gedirsə, "Qarabağ"ı Çexiyada yalnız qələbə qane edəcək.
Mirağa