"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu haqda danışıb.
Fanat.Az xəbər verir ki, klub rəsmisi futbolçularla fəxr etdiklərini deyən Çəlikəl Avropa Liqasında bacardıqlarını etməyə çalışacaqlarını söyləyib:
"Çexiyaya qələbə üçün getmişdik. Nəticənin olmaması bizi üzdü. Əslində buna üzülmək bir tərəfdən sevindiricidir. Çünki komanda pley-offadək irəliləyib və sonda Avropa Liqasının qrupuna düşüb. Bu da "Qarabağ" gəldiyi nöqtədən xəbər verir və hamımızı qürurulandırır. Futbolçularla fəxr edirik."Qarabağ"ın adını Çempionlar Liqasında görmək istəyirdik. Avropa Liqasında əlimizdən gələni edəcəyik".
Klub rəsmisi dünənki oyundan sonra tənqid hədəfinə tuş gələn qapıçı Şahruddin Məhəmmədəliyevə dəstək olub:
"Məncə, bütün Azərbaycan Şahruddin Məhəmmədəliyevlə fəxr etməlidir. Çünki həm milli komanda, həm də "Qarabağ" formasını belə sevən bir qapıçı var. Zədələrdən sonra necə məşq etdiyini görən şəxs kimi deyə bilərəm ki, o, komandaya çox lazımlı, çox əzmkar oyunçudur. Komandanın burayadək gəlməsində çox böyük əməyi var. Şahruddin kimi futbolçunu, insanı tanıdığım üçün fəxr edirəm. Hər insanın çətin zamanı ola bilər. Bu çətin zamanda ona dəstək olmaq lazımdır".
Futbol funksioneri onu da qeyd edib ki, AFFA-dan "Qarabağ" klubuna Müşahidə Şurası yaratması təklif olunub. O bildirib ki, klubun peşəkarcasına və qarşılıqlı inam, etibar əsasında qurulmuş saf idarəetmə strukturu var: "Biz belə strukturdan nəticə aldığımızı görürük və dəyişiklik etmək istəmədiyimizi AFFA-ya bildirmişik".