“Turan Tovuz” Misli Premyer Liqasının VIII turunda öz meydanında “Zirə”yə 1:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məğlubiyyəti şərh edib.
“Azarkeşlərimizə təşəkkür edirəm. Məğlub olmağımıza baxmayaraq, bizi sona qədər dəstəklədilər. Çünki buna ehtiyacımız var. Xal qazana bilərdik. İlk qolu da biz vurduq. Təəsssüf ki, iki səhv futbolçulara psixoloji tərəfdən təsir etdi.
İkinci yarının ilk dəqiqələrində qol buraxmağımız bütün planlarımızı pozdu. Sistemdə də dəyişiklik etdik, hücumameyilli futbolçuları meydana buraxdıq, şanslar axtardıq. Amma təəssüf ki, rəqibin müdafiəsini yara bilmədik.
Belə məğlubiyyətlər olacaq. Yeni komandayıq, inanıram ki, oyundan-oyuna artıracağıq. Çünki oturuşmuş heyətə malik komandalara qarşı mübarizə aparmaq çətindir. Amma inkişaf etmək istəyiriksə, bu cür oyunlardan keçməliyik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Çünki çətin qrafikimiz var. Beş oyun oynayacağıq, ikisi səfərdədir, biri evdə. Çalışacağıq ki, həmin oyunlarda xal qazanaq”.