Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Canni De Byazinin baş məşqçisi olduğu millimiz Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Azərbaycan yığmasının sabiq çalışdırıcısı Şahin Diniyev Fanat.Az-a açıqlamasında millimizin bu qrupdakı şanslarını dəyərləndirib:
"Püşkatma bizim üçün uğursuz oldu. Ən azı üçüncü komanda daha aşağı yığma ola bilərdi. Amma bu, İsveçdir. Şərqi Avropa komandalarından kimsə rəqib olsaydı daha rahat olardı.
Hər bir komandanın məqsədi seçmə mərhələnin qrupunda 1 və ya 2-ci yeri tutmaqdır. Gəlin görək, bu, bizim üçün nə dərəcədə realdır?
Belçika millisinin qızıl heyətinin axır illəridir. Həmin kollektivin son şansları bu qrupdan çıxmaq və Avropa çempionatında mükafatçılar sırasında olmaqdır. Komandada nəsildəyişmə olacaq. Yaş baxımından deyirəm. Onlar bizim üçün keçilməz rəqib sayılır. Qrupun da aşkar favoritidir.
Avstriya və İsveç... Bu komandalar ikincilik uğrunda mübarizə aparacaqlar. İsveç də həminki İsveç deyil. 3-cü səbətdən çıxıblarsa, bu, artıq hər şeyi deyir.
Hər bir komandanın minimum və maksimumu olduğu kimi bizim də hədəflərimiz var. Bizim məqsədimiz ən azı qrupu sonuncu yerdə başa vurmamaqdır. Maksimum nəticəmiz isə 3-cülük uğrunda mübarizə aparmalıyıq. Futbol ölkəsi kimi, yığma kimi, oyunçu olaraq inkişaf etmək istəyiriksə, məqsəd uğrunda gərgin mübarizəyə girməliyik. Bu da bizim maksimum.
Gəlin, reklamdan və pafosdan uzaq real danışaq. Deyək ki, qrupdan çıxmaq şansımız var, hər şey yaxşı olacaq... Xeyr. Bununla həm azarkeşləri, həm də futbol ictimaiyyəti aldadmış oluruq. Qrupdan çıxmağa şans yoxdur. Amma üçüncülük uğrunda mübarizə dişimiz üçün olar. Bir daha deyirəm, əgər böyüyüb inkişaf etmək istəyiriksə, çətin mübarizəyə qoşulub 3-lük uğrunda vuruşmalıyıq. Bu, mümkündür.
Yəni, maksimum və minimum məqsəd olmalıdır. Mən də bizim millinin şanslarını dəyərləndirdim. Ola bilər kiminsə fikri ilə üst-üstə düşməyə bilər. "Ola bilər" yox, dəqiq kiminsə fikri ilə üst-üstə düşməyəcək. Amma reallıq budur".
Emin Şəmsiyev