Misli Premyer Liqasında II dövrə start götürdü.
Liderlər qrupuna daxil olan “Qarabağ”, “Sabah” və “Neftçi” bu tur qələbəyə sevindi. “Zirə”nin uduzması, “Qəbələ”nin Şamaxıda xal itirməsinin fonunda bu qələbələrin əhəmiyyəti daha böyük oldu. Çünki artıq ilk “üçlük”lə digərləri arasında əməlli-başlı uçurum yaranıb. Bu tur həm də hakimlərin yol verdiyi səhvlərlə yadda qaldı.
“Şamaxı” – “Qəbələ” 1:1
Qollar: Kamran Quliyev, 71 - Adil Nağıyev, 60-avtoqol
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 27. İbrahim Aslanlı, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 70. Bahadur Həziyev, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov
Baş məşqçi: Vüqar Əsgərli
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Şamaxı”nın baş məşqçisi rəsmən Vüqar Əsgərli olsa da, komandada söz sahibinin Cavid Hüseynov olduğu hamıya məlumdu. Bu baxımdan Hüseynovun ona doğma olan “Qəbələ” qarşı mübarizəsi maraqla gözlənilirdi. Amma sözsüz ki, qarşılaşmanın favoriti qonaq komanda idi. Qonaqlar sonda bu favorit adını doğrulda bilmədi. Qarşılaşmadan sonra Elmar Baxşıyev xal itkisini süni örtüyə uyğunlaşa bilməmələri ilə əlaqələndirdi. Hakimlərin həlledici məqamda qətiyyətsiz davranışı da nəticəyə təsir göstərdi.
Hələ birinci hissənin gedişində “Qəbələ” hesabı açmağı bacarsa da, Ramon Maçado oyundan kənar vəziyyətdən fərqlənmişdi. Daha təcrübəli futbolçulardan qurulan, legionerlərin də köməyinə bel bağlayan “Qəbələ” 60-cı dəqiqədə Adil Nağıyevin avtoqolu ilə sevindi. Buna qədər “Şamaxı”nın əsas qol ümidlərindən olan Qurban Səfərov da zədələnərək əvəzlənmişdi. Düşünmək olardı ki, “Qəbələ” elə minimal hesablı qələbəyə sevinəcək. Amma səhnəyə gənc Kamran Quliyev çıxdı və gözəl zərbə ilə “Şamaxı”nın bərabərlik qoluna imza atdı. Bundan sonra “fərqlənmək” növbəsi hakimlərə çatdı. Rauf Allahverdiyev və köməkçiləri 93-cü dəqiqədə yanlış künc zərbəsi təyin etdilər. Həmin epizodun davamında isə Maçadonun zərbəsindən sonra top cərimə meydançasında Cəlal Hüseynovun əlinə dəydi. VAR hakimləri ilə qısa məsləhətləşmədən sonra Allahverdiyev davam işarəsi verdi və epizodu penalti kimi qiymətləndirmədi.
Bu xal itkisindən sonra “Qəbələ”nin aktivində 16 xal var. “Qırmızı-qaralar” 5-ci pillədə qərarlaşıb. Mövsüm ərzində 3-cü heç-heçəyə sevinən “Şamaxı” isə sonuncudur.
“Turan Tovuz” – “Səbail” 2:2
Qollar: Runi Eva, 9-pen, Okebuqvu Henri, 32 – Franko Mazurek, 12, Ağabala Ramazanov, 54.
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 33. Eltun Turabov, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya, 5. Ben Aziz Dao, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 22. Samir Abdullayev, 27. Emil Martinov, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa
Baş məşqçi: Mahmud Qurbanov
Tovuzdakı oyun xeyli baxımlı və gərgin alındı. Bolqollu oyuna hakimlərin yanlış qərarları bir qədər kölgə düşürsə də, ümumilikdə heç-heçənin ədalətli nəticə saymaq olar. Ötən tur səfərdə “Neftçi” ilə qolsuz bərabərliyə sevinən “Turan Tovuz” bu dəfəki oyunda iki dəfə hesabda önə keçsə də, qələbə hesabını qorumaq mümkün olmadı. Bəlkə də, azarkeşlərin çılğın dəstəyi olmasaydı, Ayxan Abbasovun komandası bu görüşdə məğlubiyyətə üzülərdi.
Runi Eva artıq 9-cu dəqiədə özünə qarşı kobudluğa görə təyin edilən penaltidən hesabı açdı. “Səbail”in cavab qolu üç dəqiqə sonra gəldi. Mazurek fərdi ustalığı sayəsində fərqləndi. Bununla belə meydan sahibləri fasiləyə üstün yollandılar. 32-ci dəqiqədə Henri tovuzlu azarkeşləri sevindirdi. Amma bu qol da oyunda sonuncu olmadı və 54-cü dəqiqədə Ağabala Ramazanov son nöqtəni qoydu.
Bir xalla kifayətlənən “Turan Tovuz”la “Səbail” müvafiq olaraq 6 və 7-ci sıralarda qərarlaşıb. Əyalət təmsilçisinin 12, “dənizçilər”in isə 9 xalı var.
“Sabah” – “Zirə” 1:0
Qol: Emmanuel Apeh, 72.
“Sabah”: 12. Yusif İmanovz 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
“Zirə”: 41. Anar Nəzirov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxovz 32. Qismət Alıyev (k), 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes
Ehtiyat oyunçular: 22. Nail Alışovz 50. Səlim Həşimov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 5. Moiz Adileu, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
Səviyyəli legionerlər və yaxşı baş məşqçi “Sabah”ın uğurlu çıxışını şərtləndirir. Ötən tur “Kəpəz”in daşını daş üstündə qoymayan “Sabah” bu dəfə “Zirə”ni Masazırdan əliboş yola saldı. Özü də Murad Musayevin komandası bu dəfə də qapısını toxunlmaz saxlamağı bacardı. “Sabah”a 3 xal qazandıran qola Apeh 72-ci dəqiqədə imza atdı. Çox keçmədi ki, Coşqun Diniyevin meydandan qovulmasıyla qonaqlar azlıqda qaldı. Belədə zirəlilərin məğlubiyyətlə barışmaqdan başqa yolu qalmadı. Bundan sonra etibarlı müdafiə xətti ilə seçilən “Sabah”ın qapısına yol tapmaq çətin məsələ idi.
Son turlarda özünü yaxşı tərəfdən göstərən, qələbələri sıralayan “Zirə” bu məğlubiyyətdən sonra mükafatçılar sırasına düşmək şanslarını xeyli azaltdı. 16 xal toplamağı bacaran qəsəbə təmsilçisi 3-cü pillədəki “Neftçi”dən 6 xal geri qalır. “Sabah” isə “Qarabağ”ı inamla təqib edir. 25 xalla 2-ci pillədə qərarlaşan “Sabah” liderdən iki xal geri qalır.
“Kəpəz” – “Neftçi” 0:2
Qollar: Emin Mahmudov, 17, Kenni Sayef, 82
Qırmızı vərəqə: Zamiq Əliyev (“Kəpəz”)
“Kəpəz”: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 2. Zamiq Əliyev, 37. Ruslan Süleymanov, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Müşviq Nadirov, 32. Elvin Yunuszadə, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov
“Neftçi”: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 51. David Orucov, 78. Elcan Əbilov, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf
“Kəpəz”in Gəncəyə dönüşü nəhayət ki, baş tutdu. Uzun fasilədən sonra Gəncədəki ilk oyun xeyli duyğusal anlara şahid oldu. Tribunaların birində şəhid portiretləri düzülmüşdü. Topa ilk zərbə vurmağı isə şəhidlərin övladlarına həvalə etmişdilər. Gəncəli azarkeşlər tribunaya məhdud sayda buraxılsalar da, onlar sevimli klublarına dəstək vermək üçün əllərindən gələni edirdilər. Bununla belə “Kəpəz” azarkeşlərini sevindirməyi bacarmadı.
Sözsüz ki, oyunun gedişində səviyyə fərqi özünü göstərdi. “Doğma divarlar” və azarkeşlər hər nə qədər “Kəpəz”ə kömək etsələr də, bu boyda fərqi qapatmaq mümkün görünmürdü. Elə nəticə də bundan xəbər verir. Hər hissədə bir qol vuran “Neftçi” Bakıya 3 xalla qayıtdı.
Cəmi 4 xal toplayan “Kəpəz” hələ də autsayderlər arasındadı. Xalını 22-yə çatdıran “Neftçi” isə 3-cü sırada qərarlaşıb.
“Qarabağ” – “Sumqayıt” 3:1
Qol: Ramil Şeydayev, 67, 88-pen., Musa Qurbanlı, 73 - Almir Aqanspahiç, 56
"Qarabağ”: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramo,v 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 17. Murad Xaçayev, 55. İbrahim Əliyev, 20. Ayxan Süleymanlı, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç
Baş məşqçi: Samir Abasov
Həftəortası “Olimpiakos”la ağır oyun keçirən “Qarabağ”ın “Sumqayıt”a qarşı çətinlik çəkməsi gözlənilən idi. Qurban Qurbanov məcburi rotasiyaya əl atmış, bəzi aparıcı futbolçulara istirahət imkanı yaratmışdı. Çalışdırıcının Kevin Medinanı cinahda oynatması da bunun göstəricisi idi.
Bu qarşılaşma “Sumqayıt” üçün ona görə əlamətdar oldu ki, “gənclik şəhəri”nin təmsilçisi oyun vəziyyətindən ilk qolunu vurdu. Bu əlamətdar hadisə 10-cu tura təsadüf etdi. Aqanspahiç 56-cı dəqiqədə “Qarabağ”ın qapısına yol tapdı. Cəmi 11 dəqiqə sonra Ramil Şeydayev gözəl baş zərbəsiylə hesabı bərabərləşdirdi. İstedadlı hücumçu 88-ci dəqiqədə “dubl”unu rəsmiləşdirdi. Buna qədərsə Musa Qurbanlı komandasını hesabda önə çıxarmışdı.
3:1 hesablı qələbəyə sevinən “Qarabağ” yoluna itkisiz davam edir. “Köhlən atlar” 27 xalla turnir cədvəlinin şəriksiz lideridi. 4 xalı olan “Sumqayıt” 9-cu sıranı “özəlləşdirib”.
Amal Abuşov