"Kəpəz" nəhayət ki, tribunaları qəzalı vəziyyətdə olan Gəncə şəhər stadionunda ilk matçına çıxdı. Bir vaxtlar Nizami yurdunun təmsilçisi ilə "Neftçi"nin duelləri Azərbaycan derbisi statusu daşısa da, meydan sahiblərinin bu dəfə "doğma divarlar arası"nda bakılılara 0:2 hesabı ilə uduzması gözlənilən nəticə kimi qəbul edildi. Hərçənd 62-ci dəqiqədən azlıqda qalan "Kəpəz"in ortaya qoyduğu oyunda ümidverici məqamlar da az deyildi. Uzun fasilədən sonra bəndənizi Gəncəyə aparan səbəb də həm ümumi ab-hava ilə yerində tanış olmaq, həm də didərginliyinə son qoyulan qərb təmsilçisinin necə görünəcəyini canlı izləmək həvəsi idi.
Stadion təəccübləndirmədi
Sovetlər dönəmindənqalma tikilinin nə vaxt sökülərək yenilənəcəyini futbol başbilənləri bilər. Bütün görüntüsü ilə futbol ictimaiyyətinə "bu gündə stadionda elita matçı keçirilməz" mesajı göndərən arenanın müasir yerli standartlara cavab verən nəyi var ki... Jurnalistlər üçün ayrılmış sektorda köhnə və çirkli oturacaqlar, bərbad vəziyyətdəki qəzalı tribunalar, sökülüb dağılmış qaçış cığırı, internet problemi öncədən ehtimal etdiyim mənzərəydi. Yəni xırdalıqlara varmadan vurğulayım ki, bu mənada heç nə təəccübləndirmədi. Heç stadionun elektrik enerjisi ilə təminatı üçün gətirilən generator da...
Tablosuz əvəzləmələr
Əvəzləmələr zamanı dördüncü hakimin əlində elektron tablonun gözə dəyməməsi müəyyən anlamda kəndlərarası rayon birinciliyi atmosferi yaratsa da, əslində hakimlərin sərəncamında belə lövhə var idi. Sadəcə, enerjisi bitdiyi üçün tablo texniki zonanın yaxınlığındakı stulun üstündə elektrik naqilinə taxılmışdı. Fəqət sonadək işə yarayacaq vəziyyətə gətirilməsi mümkün olmadı.
Niyə 3000 azarkeş?
Matçın protokolunda qarşılaşmanı 3000 tərəfdarın izlədiyi qeyd olunub. Elə təxminən bu sayda olardılar... Şübhəsiz, stadiona təşrif buyuran gəncəlilər komandanın öz stadionunda oynamasına görə yetərincə sevincli görünürdülər. Əvvəllər də bu şəhərdə futbol matçları izləmiş stajlı jurnalistlər üçün tribunalardan eşidilən azarkeş atmacaları belə, xüsusi nostalji anlamındaydı. Məlum erməni terroru nəticəsində dağıntılar arasından son anda xilas edilən və Gəncəyə raket zərbəsi zamanı hər iki valideynini itirən uşaqların topa simvolik zərbələri ilə başlayan qarşılaşmanın startının hansı duyğulara meydan verdiyi isə bəlli məsələdir...
Hə, 3000 min yox, bundan heç olmasa, iki dəfə çox azarkeş göprəcəyimə ümidliydim. Ancaq bu say böyük təəssüf hissi ilə məntiqəuyğun hesab etməliyik. Razılaşaq ki, mövsümə uğursuz start verən "Kəpəz"in nəticələri ilə bu matçda olan tərəfdar marağı düz mütənasibdir. Başqa sözlə, yenilgiləri sıralayan komandadan incik düşənlərin də mövqeyi başa düşülməlidir.
Alqışlanan rəqib kapitan
Gəncədə futbolu anlayan azarkeşlərin sayı kifayət qədərdir. İstər oyundan əvvəl, istər matçın gedişində, istərsə də final fitindən sonra müxtəlif yaşlı futbol həvəskarları ilə söhbətləşmək imkanım oldu. Ümumi fikir belədir ki, azarkeşlər Tərlan Əhmədovun "Kəpəz"i daha yaxşı səviyyəyə çatdıracağına inanır və ümidlə qış fasiləsini gözləyirlər. Stadiondakıların bir nəfər azlıqda oynamasına baxmayaraq, sonadək mübarizə aparan, meydanın hər qarışı uğrunda döyüşən komandanı dəstəkləməsi buna əyani sübutdur. Yeri gəlmişkən, rəqib olaraq fitə basılan "Neftçi"nin kapitanının - Emin Mahmudovun oyundan sonra alqışlanması və qarşılıq alması futbol adına maraqlı fakt idi. Qarşılaşmanın ardından Eminin özü də jurnalistlərə açıqlamasında belə münasibətdən yaxşı mənada təəccübləndiyini söyləyərək xoş sürprizlə qarşılaşdığını bildirdi və gəncəlilərə təşəkkürünü çatdırdı.
Yeni baza - Sabaha açılan pəncərə
Stadionun ərazisindəki yeni baza ilə maraqlanmaya bilməzdim. İkisi təbii, biri süni örtüklü 3 meydançadan və adminstativ idarədən ibarət olacaq yeni bazanın tikilişinin davam etdiyini görmək yəqin ki, istənilən futbolsevər üçün xoş reallıqdır. Nə vaxt hazır olacağı əlbəttə ki, dəqiq bilinmir. Ancaq əsas odur ki, infrastruturun formalaşdırmasına doğru atılan real addım, gerçək ümid var.
Bizə Gəncə və Azərbaycan futbolu naminə yeni bazanı sabaha açılan pəncərə və daha çox şey adlandırmaq, araya-ərsəyə gəlməsini səbirsizliklə gözləmək qalır.
Nihat Ağasoy