Ötən həftə Bakıya gələn Fransa millisinin sabiq futbolçusu, əfsanəvi yarımmüdafiəçi Kristian Karambö "Qarabağ" rəsmiləri ilə görüşüb.
Ağdam klubunun baş meneceri Asif Əsgərov Fanat.Az-a açıqlamasında görüşün detalları ilə bağlı məlumat verib:
"UEFA oyunlarının protokol qaydasına əsasən avrokubok oyunlarından əvvəl klub rəhbərləri rəsmi yeməkdə bir-biri ilə görüşür. Karambö "Olimpiakos"un idman direktorudur, klubun transfer işlərini görür. O, əvvəl də Bakıda olub. İlk dəfə tək gələndə "Fairmont"da qalıb, bu dəfə isə "Mariott"da məskunlaşmışdılar. Onun Bakı haqqında təəssüratları əla idi. Gördüyü hər yerdən şəkillərə Azərbaycanı etiketləyir, "Instagram" və digər sosial şəbəkə hesablarındakı səhifəsində paylaşırdı. Bir sözlə, Azərbaycanı sevir. Təbii ki, hər şey münasibətdən asılıdır. İstər "Nant"la, istərsə də "Olimpiakos"la münasibətlərimiz yüksək səviyyədə qurulub. Çalışmışıq ki, onlara təşkilati işlərdə kömək edək. Ümumiyyətlə, "Qarabağ"ın fəlsəfəsi belədir ki, bütün klublarla münasibəti 90 dəqiqə rəqib, qalan vaxt isə dost kimi qururuq. Meydanda kimin qalib gəlməsinin də münasibətlərə təsiri olmayıb.
Karambö həmçinin, "Olimpiakos"da oynayıb. Bakıdakı oyun ərəfəsində klub prezidenti dəvət edib. O, 2015-ci ildən Yunanıstan klubunda çalışır. Bizim onunla şəxsi tanışlığımız 2017-ci ildə Afinada keçirilən Avropa Klublar Birliyindəki görüşdə olmuşdu. O vaxt EKA-ya "Panatinaykos" və "Olimpiakos" birgə ev sahibliyi edirdi.
Birinci oyundan sonra "Qarabağ"a qarşı münasibətləri tamamilə dəyişmişdi. Bizim yaxşı kollektiv, yüksək reytinqli komanda olduğumuzu bilsələr də, inanmırdılar ki, biz gedib Afinada onları 3:0 yenə bilərik. Budəfəki görüşdə bir-birimizlə bağlı xoş təəssüratlarımızı bölüşdük".
Mirağa