Misli Premyer Liqasının XI turunda "Qəbələ" öz meydanında "Kəpəz"lə heç-heçə edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev 1:1 hesabı ilə başa çatan görüşü dəyərləndirib.
“Ağır oyun oldu. Çətin olacağını bilirdik. “Kəpəz” “Neftçi”yə qarşı da pis oynamadı. Komanda gözlədiyimdən aşağı səviyyədə çıxış etdi. Fasilədən sonra istədiyimizi edə bilmədik. Vacib xallar itirdik. Çalışmaq, qarşıdakı oyunlara yüksək motivasiya ilə hazırlaşmaq lazımdı.
Ümumi götürəndə bizim oyunumuzda yalnız qol çatmır. Daha rahat olmağımız üçün imkanları dəyərləndirmək lazımdır. Hücumçular qol vurmayanda özlərinə inamı itirirlər. Heyətlə bağlı sıxıntılarımız var. Rövlan Muradov məcburiyyətdən müdafiədə oynayır. Üzərinə düşənin ən yaxşısını etməyə çalışır. Sonradan meydana daxil olanlar komandaya kömək etməyə çalışdılar. Hücumameyilli oyunçularımız daha aqressiv olmalıdır. Sonluğu gətirə bilmirik.
Emil Səfərovun yüngül zədəsi var. Tam gücü ilə oynaya bilmir. Ülvi İsgəndərov, Felipe Santos, Rafael Utziq, Omar Hani kimi oyunçularımız da var ki, neçə turdur, qol vura bilmirlər”.