Misli Premyer Liqasının XI turu çərçivəsində "Qəbələ" öz meydanında digər bölgə təmsilçisi "Kəpəz"i qəbul etdi. Gərgin mübarizə şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə nəticələndi.
Fanat.Az-ın əməkdaşı oyundan kənarda baş verənləri izləyərkən meydan sahiblərinin fanklubu "Red Black Army"nin azarkeşlərinin sayının daha əvvəlki ev qarşılaşmalarına nisbətən az olduğunu müşahidə etdi. Daha dəqiq desək, 33 nəfər.
"Red Black Army"nin rəhbəri Cavad Şərifli saytımıza verdiyi açıqlamada fanklubun həmin oyunda passivlik nümayiş etdirməsinin səbəblərindən danışdı:
"Ümumiyyətlə bizim fanklubda konkret olaraq azarkeş sayı yoxdur. Rəqəmlər hər oyunda dəyişilə bilər. Razıyam ki, "Kəpəz"lə oyunda sayımız az idi. Düzünü desəm, azarkeş sayı baxımından ev oyunlarında bizim bəzi problemlərimiz var. Çünki "Red Black Army"yə hər adam gəlib-getmir. Sırf tanıdığımız, bildiyimiz, "Qəbələ"ni istəyən adamları qoşuruq sıralarımıza. Səbəblərdən biri budur. Bundan başqa, üzvlərimizin çoxu tələbədir, Bakıdadır. Fikir versəniz, görərsiniz ki, paytaxda keçirilən oyunlarda sayımız daha çox olur. Bakıda işləyənlər və oxuyanlar da bizə qoşulur. Ümumi götürsək, üzvlərimizin 50-60 faizi paytaxtdadır. Son oyunda hava şəraiti də nisbətən sərt idi. Qəbələdə axşamlar hava şəraiti imkan verməyəndə 18-20 yaşlı üzvlərimiz oyunlara gəlmir. Onları da başa düşmək olar. Yağışlı havada uzaq kəndlərə gedib-gəlmək də ağır olur. Nəqliyyat vasitəsi tapmaq olmur. Yəni səbəblər budur".
O, "Qəbələ"nin cari mövsüm çıxışına münasibətini də bildirib:
"Deyəcəklərim mənim şəxsi fikrimdir. Düşünürəm ki, biz "qara zolağ"a düşmüşük. Baxırsan ki, qol imkanları yaradırıq, amma bunu reallaşdırmağa çətinlik çəkirik. Ehtiyat oyunçular skamyasına nəzər yetirsən görərik ki, əsas heyət oyunçularını əvəzləyə biləcək elə də çox futbolçumuz yoxdur. İnanırıq ki, biz bu "qara zolaq"dan çıxacağıq".
Emin Şəmsiyev