Ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ" səfərdə Fransanın "Nant" klubu ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Estradamızın tanınmış ulduzu Xumar Qədimova da televiziya vasitəsi ilə "köhlən atlar"ın oyununu izləyən çoxsaylı azarkeşlərdən olub. Əməkdar artist Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin çıxışı barədə fikirlərini bölüşüb:
"Oyunu səbirsizliklə gözləyirdik. Bildiyiniz kimi, biz futbol ailəsiyik. Daha öncəki müsahibələrimdə qeyd etmişdim ki, idmanın bu növünə olan sevgimiz rəhmətlik atamdan qaynaqlanır.
Oğlum Uğurla birlikdə izləyirdik oyunu. Əslində, matç başlayanda "Qarabağ" yaxşı görünürdü. Ümumi baxsaq, gözəl oyun sərgilədilər.
Komandanın bir neçə üzvü var ki, onların oyunlarını fərqləndirərdim. Məsələn, braziliyalı Kadi... Mənim ümumiyyətlə Braziliyadan olan futbolçulara xüsusi simpatiyam var. Yadınızdadırsa, bundan qabaq da açıqlamalarımda bunu demişəm. Bu oyunda xüsusi nə iləsə yadda qalmasa da, ümumiyyətlə "Qarabağ"a çox faydası dəyib. Qara Qarayev, daha sonra Zubirin adını çəkərdim. Yeganə qolun müəllifi Ozobiç də yaxşı oynayan futbolçulardandır. Fikir verirəm ki, meydanda can qoyur. Amma "Qarabağ"ın oyunçuları arasında məndə ən çox simpatiya yaradan Ovusudur. Oyundan sonra da məğlub olduqlarına görə pis oldu. Oğlum Uğurun o fikri ilə razıyam ki, Ovusu bu oyundakı real qol şanslarını boşa verdi. Çox təəssüf edirəm ki, komanda məğlub oldu. Oyundan öncə "Qarabağ"ın bir qol vuracağını təxmin edirdim ki, bu da baş verdi. Amma bir neçə dəfə fərqlənməyə yaxın oldular. Əfsuslar olsun ki, oyun belə qurtardı. Kaş ki, mənim düşündüyüm kimi bir yox, bir neçə qol vuraydılar.
"Qarabağ"ın "Frayburq"la keçirəcəyi oyunu da izləyəcəyəm. Ölkə futbolunun içində püxtələşmək istəyirəm".
Emin Şəmsiyev