"Neftçi"nin İsrail əsilli amerikalı futbolçu Kenni Sayefin Fanat.Az-a müsahibəsi:
- Azərbaycan klubundan gələn təklifi necə qarşıladınız?
- Zaur Əzizovla danışandan sonra onların layihəsi, necə bir komanda qurmaq istədikləri mənə maraqlı oldu. Beləcə təklifi qəbul etmək qərarına gəldim.
- Artıq 4 aydır ki, Azərbaycandasınız. Ölkəyə və kluba uyğunlaşa bilmisiniz?
- Tam uyğunlaşdığımı deyə bilmərəm. Mənim üçün kluba, ölkəyə və liqaya uyğunlaşmağa vaxt lazımdır.
- Azərbaycanlıların hansı xüsusiyyətini bəyənirsiniz?
- Burda insanlara qarşı hörmət olduğunu hiss edirəm. Bunu da çox bəyənirəm.
- Komandanın oyunçuları ilə münasibətiniz necədir? Hansı futbolçu ilə daha çox ünsiyyətdə olursunuz?
- Komandada yaxşı ab-hava var. Ona görə mən də komanda yoldaşlarımla yaxşı münasibətdəyəm. Ataa Caberi əvvəldən tanıdığım üçün onunla nisbətən daha çox ünsiyyətdə oluram.
- “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf digər məşqçilərdən nə ilə fərqlənir?
- O, böyük təcrübəyə və bir sıra uğurlara sahibdir. Açıqsözlü və dürüst məşqçidir, ona görə də ondan öyrənə bildiyim üçün şadam.
- “Neftçi” ilə 2024-cü ilə qədər müqaviləniz var. Hazırda əsas hədəfiniz nədir?
- Məqsədim klubun yenidən ölkə çempionu olmasına köməklik göstərməkdir. Biz gedən prosesə etibar etməliyik, zaman və səbr hazırda ən əsas amildir.
- Artıq Premyer Liqanın bütün klubları ilə qarşılaşmısınız. Sizcə, ən çətin rəqib hansı komandadır?
- "Qarabağ"ı qeyd edərdim. Onlar yaxşı təşkil olunmuş komandadır.
- ABŞ millisində və MLS-də (ABŞ çempionatı) oynamısınız, Amerika futboluna bələdsiniz. Sizcə, ABŞ millisi qarşıdakı dünya çempionatında hansı mərhələyə qədər irəliləyə bilər?
- Qətərdə keçiriləcək dünya çempionatına yollanacaq futbolçuların çoxu ilə bir komandada çıxış etmişəm. Bu qrupdan rahat çıxmaq üçün komandanın böyük potensialı var. Millidə bir çox istedadlı futbolçular oynayır. Onların çoxu ən yaxşı liqalarda mübarizə aparır. Ona görə də bu baxımdan müəyyən qədər arxayınam.
- “Neftçi” azarkeşləri barədə nə deyə bilərsiniz?
- Avrokubok oyunlarında hiss etdim ki, onlar böyük qüvvədir. Heyrətamiz atmosfer yarada bilirlər və bu, bizə çox kömək edir. Daha sonra başa düşdüm ki, onlar bir-iki oyundan narazıdırlar. Tərəfdarlarımıza müraciət edib demək istəyirəm ki, onlara hər zaman ehtiyacımız var. Biz birlikdə çox şey edə bilərik.
Emin Şəmsiyev