Xorvatiyanın "Dinamo Zaqreb" klubunda çıxış edən Mahir Emreli İngiltərədə "Çelsi"yə 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 25 yaşlı hücumçu UEFA-nın saytına açıqlamasında London təmsilçisi ilə görüşün çətin keçdiyini söyləyib:
"Matça yaxşı başlamışdıq. Amma rəqibimiz böyük komandadır. Bunu başa düşürük. Bəzi məqamlarda konsentrasiyanı itirdik və qol buraxdıq. Onlar ikinci hissəyə yaxşı start vermişdilər. Bizim də qol şanlarımız oldu, amma yararlana bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm.
Qrup oyunlarında nəyin çatışmadığını söyləmək çətindir. Səhvlərimizi təhlil etməliyik. Bunu təcrübə kimi qəbul edib, növbəti görüşləri düşünməliyik".
Emreli Zaqreb təmsilçisinin azarkeşləri haqqında da danışıb: "Daha əvvəl bir çox komandaya qarşı çıxış etmişəm, özüm də iki klubun formasını geyinmişəm. Amma "Dinamo" fanatları inanılmazdır. Onlar nəticədən asılı olmayaraq, sonadək yanımızdadırlar. Dəstəklərini hər zaman hiss edirik. "Çelsi" ilə görüşdən sonra azarkeşlərə təşəkkürümüzü bildirmək üçün stadionda qaldıq. Tərəfdarlar üçün də asan səfər deyil. Bir daha onlara təşəkkür edirəm".