"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Bakıda "Frayburq"la heç-heçə etdikləri matçı (1:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis oyundan sonra "CBC Sport"a açıqlamasında futbolçulara və azarkeşlərə təşəkkür edib:
"Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Futbolçularım bu il avrokuboklarda 14 oyunun hamısında yaxşı performans göstərdilər. Onlara bildirmişdim ki, bu gün yaxşı oyun göstərsinlər. Sağ olsunlar ki, bunu etdilər".
50 yaşlı çalışdırıcı Marko Veşoviçin penaltidən vurduğu qolun qeydə alınmaması barədə bunları söyləyib: "Sayılmayan qol epizodunda əsəbiləşdim. Həmin an penalti təyin olunmalı idi. Bilmirəm ki, niyə ofsayd qərarı verildi".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsini 3-cü pillədə tamamlayıb və yoluna Konfrans Liqasında davam edəcək.