Misli Premyer Liqasının XIV turunda "Neftçi" öz meydanında "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Laurentsiu Regekampf qələbəni belə şərh edib:
“Həm azarkeşlər, həm də tamaşaçılar üçün yaxşı oyun alındı. Hər iki tərəf qol epizodları yaradırdı. Qonaqlar aqressiv və kobud oynadılar. Amma sarı vərəqələri ancaq bizim komandanın üzvləri alırdı. “Qəbələ”nin 2-3 qol şansı oldu. Rəqibə çox imkan verirdik. Halbuki oyunu daha tez bağlamalı idik.
Oyunda bəzi məqamlar var ki, onlar olmamalıdır. Öz epizodlarımız zamanı bəzən düzgün qərar vermirik. Bu da beynimdə müəyyən suallar yaradır”.
Regekampf Qodsvey Donyonun çıxışına da toxunub: “Hazırda əlimizdə olan oyunçular bizim üçün qızıla bərabərdir. Onları növbəti matçlara hazırlamalıyıq. Qarşıda çox oyun var. İndi dəyişə biləcəyimiz bir şey yoxdur. Donyo bu gün sonadək döyüşdü. Göstərdiyi əzmkarlıq məndə gələcəyə inam yaratdı”.
47 yaşlı baş məşqçi çempionluq uğrunda sonadək mübarizə aparacaqlarını vurğulayıb: “Məni xal fərqi maraqlandırmır. Öz problemlərimizi həll etməliyik. Hazırda bizim üçün vacib olan amil 2-ci yeri tutmaqdır. “Sabah” – “Qarabağ” görüşü heç-heçə bitsə, yaxşı olar. Amma buna inanmıram. Çünki açıq futbol gedəcək”.