"Kəpəz"in düşərgəsində yaşanan gərginliklə bağlı xəbər vermişdik. Düzdür, Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov əvəzedici komandanın çalışdırıcısı Xaliq Mərdanovla aralarında mübahisə yaşandığını təkzib edib, bunu "söz-söhbət" adlandırıb. Ancaq...
"Kəpəz"in əvəzedicilərinin məşqçisi, Mərdanovun köməkçisi Orxan Verdiyev Fanat.Az-a açıqlamasında xəbərimizi dolayısı ilə təsdiqləyib:
"Doğrudur, mübahisə olmuşdu. Ancaq öz aramızda həll etdik. Anlaşılmazlıq yaranmışdı, ailə daxilində yoluna qoyduq. Mübahisə soyunub-geyinmə otağı üstündə oldu. Hamı bilir ki, bizdə "razdevalka" problemi var. Əsas komandanın həmin gün iki məşqi var idi. Biz də əvəzedicilərin məşqini günün ortasına saldıq. Buna baxmayaraq, Tərlan Əhmədov sərt etiraz etdi, məşqə imkan vermədi. Axı biz də "Kəpəz" üçün çalışırıq. Əsas komandanın 6-7 oyunçusunu biz vermişik. Başa düşürəm, o, peşəkar yanaşır. Əhmədov həm futbolçu, həm də məşqçi kimi özünü sübut edib. Amma Xaliq Mərdanov da Gəncə futbolunda iz qoymuş şəxsdi. Ən azından, gördüyümüz işlərə görə hörməti haqq edirik. Nə isə, oldu keçdi, problem yoluna qoyuldu".
Orxan Verdiyev Tərlan Əhmədovun əvəzedici komandaya göndərdiyi Rauf Əliyevə görə qıcıqlanıb-qıcıqlanmadığına belə aydınlıq gətirib: "Aralarında nə baş verib, bilmirəm. Onu deyə bilərəm ki, Rauf əvəzedici komandaya gələndən məşqlərə peşəkar yanaşır, uşaqlara nümunə olur, əsl lider kimi davranır. Şükür, faydası da göz qabağındadır, 8 qol vurub. "Kəpəz-2" həm nəticə, həm də əsas komandaya oyunçu vermək baxımından üzərinə düşən öhdəliyi yerinə yetirir".
Mirağa