Konfrans Liqasının pley-offunda oynayacaq "Qarabağ" qış fasiləsində heyətini gücləndirməyi düşünür. Ağdam klubunun maraq dairəsində olan futbolçulardan birinin kimliyinə aydınlıq gəlib. Söhbət Tailand millisinin müdafiəçisi Tristan Dodan gedir.
"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə bu barədə Fanat.Az-a açıqlamasında xəbərə belə aydınlıq gətirib:
"Bundan əvvəl baş məşqçimizin də bildirdiyi kimi, hazırda müxəlif mövqelər üzrə futbolçu axtarışları davam edir, namizədlərə baxılır. Çox sayda futbolçular təklif olunur. Ona görə də tailandlı futbolçunun və ya digərlərinin adını çəkməyim düzgün olmaz. Çünki hələ heç kimlə razılıq əldə olunmayıb. Yalnız anlaşma əldə olduqdan sonra bu barədə məlumat verə bilərik".
Qeyd edək ki, Tristan Do hazırda ölkəsinin “Bangkok United” klubunda forma geyinir. 29 yaşlı futbolçu doğulub boya-başa çatdığı Fransa çempionatında da forma geyinib. Tristan 2011-2013-cü illər aralığında Fransanın “Loryan” klubunda çıxış edib. Bundan başqa, o, 2013-2014-cü illərdə Fransanın başqa klubunun – “Ayaçço”nun şərəfini qoruyub. Bundan sonra isə Tailanda qayıdaraq, karyerasını ölkəsində davam etdirib. 2015-ci ildən Tailand millisinə dəvət alan müdafiəçi yığmada 48 oyun keçirib.
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq.
Mirağa