Boks üzrə sabiq dünya çempionu Floyd Meyvezer Corc Floydun dəfn xərclərini öz üzərinə götürüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Mayweather Promotions" şirkətinin rəhbəri Leonard Ellerbe ESPN-ə məlumat verib:
"Yəqin ki, bunu sizə dediyimə görə mənə əsəbiləşəcək. Amma xəbər doğrudu: Corc Floydun dəfn xərclərini Meyvezer ödəyəcək. O, son 20 il ərzində çox belə işlər görüb".
Ötən həftənin bazar ertəsi ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis məmuru Corc Floydu yaxaladıqdan sonra dizini onun boynuna dayamışdı. Təxminən 8 dəqiqə bu vəziyyətdə qalan Floyd dünyasını dəyişmişdi. 46 yaşlı mərhum son anlarında "Mən nəfəs ala bilmirəm" cümləsini işlətmişdi. Artıq ABŞ-ın 20-dən çox ştatında hadisə ilə bağlı etirazlar başlayıb.
Qeyd edək ki, bu, Amerikada son illərdə qaradərililərin polis tərəfindən öldürülməsinə dair ilk belə hal deyil.
Fanat.Az