Azərbaycanın kişilərdən ibarət cüdo millisinin kapitanı Rüstəm Orucov Fanat.Az-a müsahibə verib.
Avropa çempionu, Rio 2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Tokio 2020-dən sonra ilk iştirak edəcəyi yarışdan, Hidayət Heydərovla aralarındakı rəqabətdən və digər məsələlərdən danışıb.
- Paris "Böyük Dəbilqə" turnirini buraxacaqsınız. Qarşıda sizi hansı yarışda görə biləcəyik?
- Parisə getmək istəyirdim. Çiynimdəki zədə səbəbindən bu, alınmadı. Fikirləşdim ki, bu halda gedərəm, Olimpiadadan sonra ilk yarışda çıxışım uğurlu alınmaz, ruhdan düşərəm. İnşallah, Bakı "Böyük Dəbilqə"sində mübarizə aparacağam.
- Bakı "Böyük Dəbilqə"si Zəfər Günü ərəfəsinə düşdüyü üçün turnirin bu il fərqli ab-havada keçməsi gözlənilir. Həm də yığmanın kapitanı qismində ilk yarışınız olacaq.
- Bakıdakı yarış həmişə güclü keçib. Adətən kifayət qədər tanınmış cüdoçular iştirak ediblər. Yaponiya və Fransadakı "Böyük Dəbilqə" turnirlərindən sonra səviyyəli yarışlardan biridir. Amma doğrudur, Zəfər Gününə görə builki məsuliyyət əvvəlki illərdən çoxdur. Mənim üçün bu yarışın əhəmiyyəti böyükdür. Olimpiadadan sonra özümə inamı yüksəltmək üçün doğma meydanda mütləq yaxşı nəticə qazanmalıyam.
- Bu baxından yəqin ki, ancaq "qızıl" qane edəcək...
- Nə vaxt "qızıl" söz verirəm, alınmır. Yaxşısı, bu dəfə deməyim. Medal olar, inşallah.
- Komanda yoldaşınız Hidayət Heydərov yenidən sizinlə bir çəki dərəcəsinə - 73 kiloqrama qayıdıb. Ötən həftə də Zaqrebdə keçirilən Qran-pridə birinci oldu. Onun çıxışını izlədinizmi?
- Bəli, izlədim. Çox yaxşı mübarizə apardı. Hidayətin qızıl medalı məni də sevindirdi.
- Yarışın rəqabət səviyyəsi barədə nə demək olar?
- Zəif yarış deyildi. Güclü idmançılar var idi. Məsələn, Hidayətin finalda udduğu moldovalı Viktor Sterpu 2020-ci ilin Avropa çempionudur.
- Belə görünür ki, Paris 2024 üçün də aranızda güclü rəqabət gedəcək. İndidən bu haqda deyəcəyiniz nəsə varmı?
- Rəqabət məni həmişə sevindirib. Hətta istəyirəm ki, bizim çəkidə güclü uşaqlar daha çox olsun. Belə olanda, mənim üçün də yaxşı olur.
- Necə fikirləşirsiniz, yaxın zamanda sizə yeni simalar qoşula bilər?
- Nurlan Osmanovda potensial hiss edirəm. O, axırıncı yarışlarda yaxşı güləşdi.
Mən istəyərəm, tək bizim çəkidə yox, bütün çəkilərdə böyük rəqabət olsun. Bunun üçün də gərək gənc idmançıları bir yox, bir neçə dəfə yarışa aparasan ki, onlar da özünü sübut edə bilsinlər. Məsələn, bizim çəkidə çıxış edən isveçli Masias Tommini əvvvəllər hansı yarışa gətirirdilər, uduzurdu. Hamı üçün asan "yem" idi. Amma təcrübə yığa-yığa çəkinin ən yaxşılarından birinə çevrildi. Finalda məni udub II Avropa Oyunlarının çempionu oldu, dünya çempionatının finalına çıxdı. Bizdə də bu potensiala sahib uşaqlar çoxdur. Yeni məşqçilər heyəti bu məsələyə diqqət edəcəyini deyib. Ümid edirəm, yaxın zamanda yeni uğurlu simalar üzə çıxar.
- Aşağı çəkilərdəki Azərbaycan cüdoçularından söz düşərkən, hamının ağlına "yapon səddi" gəlir. Sizcə, yeni məşqçilərlə tilsimi qırmaq mümkün olacaq?
- Yeni məşqçilər komanda ilə əla anlaşır. İlk yarışdakı nəticə də yığmada işlərin yaxşıya doğru getməsindən xəbər verirdi. Yaponlara gəldikdə, Kəramət axırıncı dünya çempionatında Naqayamanı udmaqla artıq bu tilsimi qırıb. Özüm Parisdə ola bilməsəm də, Hidayət gedəcək. Hidayəti "qızışdıracam", gedib Haşimotonu udsun, nəhayət (gülür).
Sahib Əsədbəyli