Cüdoçumuz Ramilə Əliyeva U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Fanat.Az verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı serbiyalı Andrea Stoyadinov ilə qarşılaşıb.
Duel rəqibin qələbəsi ilə yekunlaşıb.
Beləliklə, millimizin ilk yarış günündə qazancı bir gümüş medal olub.
*** 19:18
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatına start verilib.
Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 təmsilçisi tatami üzərinə çıxıb.
Qadınların 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramilə Əliyeva ardıcıl olaraq Paulina Şlyaxta (Polşa) və Rakel Britonu (Portuqaliya) üstələyərək yarımfinala adlayıb. Bu mərhələdə də ispaniyalı Mireya Lapuertaya şans verməyən cüdoçumuz finala vəsiqə qazanıb.
O, həlledici dueldə serbiyalı Andrea Stoyadinov ilə münasibətlərinə aydınlıq gətirəcək.
48 kq-dakı digər təmsilçimiz Aydan Vəliyeva və 63 kq-da çıxış edən Nərgiz Hacıyeva ilk, 52 kq-da yarışan Səbinə Əliyeva və kişilərin 66 kq-sındakı milli üzvü Nicat Hüseynov isə ikinci görüşlərində məğlub olaraq yarışla vidalaşıblar.
Qeyd edək ki, 38 ölkədən 299 (171 kişi, 128 qadın) cüdoçunun qatıldığı Avropa çempionatına noyabrın 7-də yekun vurulacaq. Sabah daha üç təmsilçimiz - Məhərrəm İmamverdiyev, Zelim Tskayev (81 kq) və İmran Yusifov (+100 kq) mübarizəyə qoşulacaq. Son gündə isə qarışıq komanda yarışı baş tutacaq. Millimiz bu turnirdə təmsil olunmayacaq.