Cüdo üzrə böyüklər, gənclər və yeniyetmələrdən ibarət milli komandalara məşqçi təyinatları gerçəkləşib.
Həmin siyahıda kişilərdən ibarət yığmamızın keçmiş çalışdırıcısı, vaxtilə əsas millinin hazırkı baş məşqçisi Mövlud Mirəliyevlə çiyin-çiyinə çalışmış Fərhad Məmmədovun olmaması diqqətimizi çəkdi. Halbuki bu yaxınlarda Mirəliyevlə müsahibəmizdə o da təcrübəli həmkarının yığmaya gətirilməsi üçün federasiya rəhbərliyi qarşısında məsələ qaldıracağını açıqlamışdı.
Fanat.Az-a danışan F.Məmmədov məsələyə belə münasibət bildirib:
"Federasiyadan heç bir təklif gəlmədi. Sanki mən adda məşqçi olmayıb. Yəqin ki, biz hələ o səviyyəyə çatmamışıq, təcrübəsizik. Təyin olunanlar isə bu işi daha çox bilirlər. Başqa nə deyim?".
Qeyd edək ki, Fərhad Məmmədov 2017-ci ildə yığmamızın baş məşqçisi olub. Onun rəhbərliyi altında milli komanda Varşavada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc, Budapeştdə baş tutan dünya çempionatında isə 2 gümüş, 1 bürünc medal qazanıb. Keçmiş çalışdırıcı ukraynalı Ruslan Maşurenkonun təyinatından sonra bir müddət köməkçi-məşqçi işləyib. Sonradan baş məşqçi ilə fikir ayrılığı səbəbindən yığma ilə yollarını ayırıb.
Sahib Əsədbəyli