Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın üç cüdoçusu mübarizəyə qoşulacaq. Kişilərin 60 kiloqram çəki dərəcəsindəki təmsilçilərimizdən Kəramət Hüseynov startda braziliyalı Rayan Konseysaonun müqavimətini qırmağa çalışacaq. Balabəy Ağayev isə Matan Kokolayev (İsrail) / Xulio Delqado (Kuba) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək. İdmançılarımızın hər ikisinin ilk dueli 1/8 final mərhələsinə təsadüf edəcək.
66 kiloqramdakı Yaşar Nəcəfov isə 1/16 finalda ukraynalı Yevgeni Qonçarko ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Böyük Dəbilqə"yə Azərbaycan 10 kişi cüdoçu ilə qatılıb. Sabah Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), turnirin son günündə - fevralın 19-da isə Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq.
Sahib