Azərbaycan cüdoçusu Yaşar Nəcəfov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə" turnirində final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan 22 yaşlı idmançı israilli Barux Şmailovla qarşılaşıb.
Rəqibinə "qızıl xal" bölümündə "ippon"la uduzan Nəcəfov gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan komandası ilk yarış gününü bir medalla tamamlayıb.
Qeyd edək ki, bu gün "Böyük Dəbilqə"də 3 cüdoçumuz mübarizəyə qoşulub. 60 kq-da yarışan idmançılarımızdan Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub.
Sabah Hidayət Heydərov (73 kq), turnirin son günündə - fevralın 19-da isə Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq.