İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycanın kişilərdən ibarət millisinin 9 üzvündən 4-ü çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, ölkəmiz ilk 2 yarış gününün yekununda əldə olunan 1 qızıl, 1 gümüş medalla hazırda kişilərin sıralamasında 1-cidir. Ümumi hesabda isə Azərbaycan komandası 3 qızıl, 3 bürünc medala malik Fransa və 2 qızıl, 1 gümüş medalı olan Yaponiyadan geri qalaraq 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, qızıl medalı Hidayət Heydərov (73 kq), gümüş mükafatı isə Yaşar Nəcəfov (66 kq) yığmamızın hesabına yazdırıb. Bu gün - "Böyük Dəbilqə"nin son yarış günündə Azərbaycanın daha 5 cüdoçusu - Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizəyə qoşulacaq.