İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində qızıl medal qazanan Azərbaycanın kişilərdən ibarət yığma komandasının 90 kiloqram çəki dərəcəsindəki üzvü Məmmədəli Mehdiyevin Fanat.Az-a müsahibəsi
- Qısa - iki həftədən də az fasilə ilə ikinci "Böyük Dəbilqə"yə qatılıb, yüksək nailiyyət qazandın. Bu qədər sıx qrafiklə yarış güləşmək çətin olmadı?
- Parisə 10-11 kilo çəki salıb getmişdim. Bu yarış üçün də 7-8 kilo salmalı oldum. Çox yorğun idim. Çox əziyyətli oldu. Sözün düzü, belə nəticə gözləmirdim. Şükürlər olsun ki, qalib gəldim.
- Daha əvvəl isə Xorvatiyada "qızıl" almışdın. Noyabrda da Bakıdakı "Böyük Dəbilqə"də "gümüş" əldə etmişdin. Yanılmıramsa, belə yüksək davamiyyət səndə ilk dəfədir...
- Bundan əvvəl Düsseldorf "Böyük Dəbilqə"sində qalib gəlmişdim. Digər yarışlarda da stabil medal qazanmışam. İndiki - daha yüksək nəticələr isə bizim məşqçilərimizə görədir. Baş məşqçi Mövlud Mirəliyev və Elçin İsmayılovun üzərimdəki haqqı danılmazdır.
- Ümumiyyətlə, yeni Olimpiya dövrünə bu cür başlanğıcı özündən gözləyirdinmi?
- Neçə illərdir bu yolda əziyyət çəkirəm. Sadəcə, düşünürəm ki, hər zamanın öz hökmü var. Görünür, mənim də ən uğurlu dövrüm bu ildən başlayıb. Ancaq dediyim kimi, bu, tək mənim zəhmətimin bəhrəsi deyil. Ailəmin, şəxsi müəllimim Tərlan Həsənovun, yığmanın bütün məşqçilər heyətinin bu uğurlarda böyük rolu var.
- Bu cür temp cüdo ictimaiyyətinin sənə olan ümidlərini də xeyli artırıb. Artıq komandanın əsas liderlərindən birinə çevrildiyini də söyləmək olar...
- Hələ liderə çevrildiyimi söyləyə bilmərəm. Bəzi komanda yoldaşlarım məndən daha yüksək nəticələrə sahibdir. Çalışıram, ən azından onların nailiyyətlərini təkrarlayım. Bəlkə, ondan sonra bu haqda düşünmək olar.
- Finalda yendiyin serbiyalı dünya çempionu Nemanya Maydovla bunadək üç dəfə qarşılaşıb uduzmuşdun. Nəhayət, tilsimi qırmaqda hansı amillər köməyinə çatdı?
- Sözün düzü, hər şeyə rəğmən, üzərimdə elə bir psixoloji gərginlik hiss etmirdim. Olimpiadadan sonra özümə söz vermişdim ki, kimə uduzmuşamsa, hamısından qisasımı alacağam. Daha əvvəl isə Fransanda dörd dəfə uduzduğum rəqibi yenmişdim.
- Qalır sənin üçün ən "tərs" rəqib olan rusiyalı Mixail İqolnikov...
- Bəli, əsas rəqibim odur. İnşallah, onu da məğlub edəcəyəm. Sadəcə ən yaxşı nəticələr haqda düşünürəm. Necə deyərlər, ancaq irəli.
- Qarşıda Tbilisi və Antalya "Böyük Dəbilqə"ləri var. Ardınca da Avropa çempionatı gəlir. Bu yarışlarla bağlı hədəflərin nədir?
- "Böyük Dəbilqə"lərdə iştirak edib-etməyəcəyimə yığmanın məşqçiləri aydınlıq gətirəcək. Təbii ki, özüm hazırda daha çox Avropa çempionatı barədə düşünürəm. Mənə elə gəlir ki, bundan sonrakı hazırlığım da sırf o yarışa əsasən qurulacaq.
- Az öncə şəxsi məşqçinin adın çəkdin. Maraqlıdır ki, yeni Olimpiya dövründə ən yüksək nəticələri onun tələbələri - sən və Hidayət göstərir. 80 illik yubileyini qeyd etməyə hazırlaşan Tərlan müəllimin də bir yetirməsi, nəhayət, Olimpiya medalı verə biləcəkmi?
- Tərlan Həsənov çempionluq medalına layiq məşqçidir. Əlimizdən gələni edəcəyik ki, həmin medalı onun boynuna asaq. Allah o günü bizə qismət eləsin.
Sahib Əsədbəyli