"Aviazərbələr nəticəsində onların evi dağılıb. Hadisələr başlayanda ilk gündən İrina və ailəsi ilə əlaqədə idik. Təklif etdik ki, onları bura gətirək. Bildirdi ki, belə bir gündə ölkəni qoyub getmək olmaz. Anlayışla qarşıladıq. Hər şeyi zamana buraxaq. Jurnalistlərdən də xahiş edərdim ki, indi onu çox narahat etməsinlər".
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu "CBC Sport" telekanalında qadın cüdoçu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İrina Kindzerskanın karyerasını bitirməsi ilə bağlı danışarkən deyib.
ACF rəsmisi 31 yaşlı ukraynalı idmançının emosional qərar verdiyini bildirib. Kindzerskanın ailəsi ilə əlaqədə olduqlarını söyləyən baş katib ona kömək etməyə hazır olduqlarını söyləyib: "Xoşbəxtlikdən həmin vaxt evdə olmayıblar. Bir çox qonşularını itiriblər. Bu da ona pis təsir edib. Biz istərdik ki, belə hadisə baş verməsin. Amma verəcəyi qərara da hörmətlə yanaşırıq. Fikrini dəyişərsə, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı üçün istənilən şəraiti yaratmağa hazırıq. Bir neçə ay bundan əvvəl də telefonda uzun söhbətimiz olub. Sentyabrdan bu yana Azərbaycanda olmayıb. İstərdik ki, gəlsin, işə yanaşmamızla tanış olsun. Ondan sonra istədiyi qərarı versin. Ona ev verilsə belə, bundan sonra karyerasını davam etdirəcəyi bilinmirdi".
Qeyd edək ki, İrina Kindzerska ötən gün karyerasını başa vurduğunu açıqlayıb.