Azərbaycanlı məşqçilər Beynəlxalq Cüdo Federasiyasının (İJF) Akademiyasında təlimlərə qatılacaq.
Fanat.Az xəbər verir ki, bu gündən etibarən bütün yaş qrupları üzrə yığmalarımızın məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən klub, cəmiyyət və idman təşkilatlarından 45 məşqçi sözügedən təlimdə iştirak edəcək. Onlar təlimləri uğurla başa vuracaqları halda müvafiq beynəlxalq dərəcəli sertifikat alacaqlar.
Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olacaq və 6 ay davam edəcək.
Proqramın növbəti illərdə də davam etdirilməsi planlaşdırılır. Həmçinin İJF-nin akademiyası ilə əməkdaşlıq çərçivəsində hakimlər üçün də seminarlar və təlimlər təşkil ediləcək.
Qeyd edək ki, 2023-cü ildən etibarən müvafiq sertifikatı olmayan məşqçilərə beynəlxalq yarışlar zamanı tataminin kənarında idmançıları müşayiət etməyə icazə verilməyəcək.