Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytında görmə məhdudiyyətli azərbaycanlı yeniyetmə cüdoçu Hüseyn İsmayılzadə haqqında məqalə yayımlanıb.
Fanat.Az xəbər verir ki, yazıda cüdoçumuzun inklüzivliyin mükəmməl nümunəsi olduğu bildirilir. Qeyd olunub ki, azərbaycanlı idmançı cüdoda onun kimi yüzlərcə idmançı üçün bərabər imkanların və təhlükəsiz mühitin yaradılmasının təcəssümüdür.
Məqalədə H.İsmayılzadənin əzmlə və yorulmadan öz məqsədinə nail olmaq üçün qarşısına çıxan bütün maneələri aşması ilə bağlı fikirlər yer alıb. Bildirilib ki, idmançı qarşısına çıxan maneələrin öhdəsindən gəlməyin mümkün olduğunu sübut edib və uğura gedən yolda əzmli olduğunu nümayiş etdirib.
Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyası tərəfindən hər il oktyabrın 28-i Ümumdünya Cüdo Günü kimi qeyd olunur və bu il həmin tarixdə “İnklüzivlik” mövzusuna mühüm yer verilib.