İranlı cüdoçu Səid Mollayi milli komandada çıxış etmək üçün Azərbaycan Cüdo Federasiyasına (ACF) müraciət edib.
Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, 30 yaşlı idmançının mövcud hazırlıq vəziyyətini dəyərləndirmək üçün o, Bakıya dəvət olunub və yığmanın Avropa çempionatına hazırlıq məqsədi ilə keçirilmiş təlim-məşq toplanışına qatılıb. Cüdoçu, həmçinin, müvafiq tibbi müayinələrdən keçirilib.
Hazırda federasiya onun Azərbaycan adından çıxış etməsi ilə bağlı müraciəti dəyərləndirir. Buna son icazəni verməli olan Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə müvafiq məsləhətləşmələr aparılır.
Qeyd edək ki, əslən Ərdəbildən olan Səid Mollayi 2019-cu ilədək İran bayrağı altında yarışlara qatılıb. 30 yaşlı cüdoçu Tokioda keçirilən DÇ-dən sonra ölkəsinin vətəndaşlığından imtina edib. Belə ki, o, mundialda İsrail cüdoçusu Saqi Muki ilə üz-üzə gəlmək ehtimalı olduğuna görə, yerli rəsmilərin təzyiqi ilə üzləşdiyini, qarşısına yarışdan imtina tələbi qoyulduğunu bildirmişdi. Təzyiq səbəbi ilə Mollayi Almaniyadan sığınacaq istəmiş, sonradan isə Monqolustanın o vaxtkı dövlət başçısı və Cüdo Federasiyasının prezidenti Xaltmaaqiyn Battulqanın dəvəti ilə bu ölkənin cüdo millisində yarışmağa başlamışdı. İdmançı 2021-ci ildə Monqolustana Tokio Yay Olimpiya Oyunlarının gümüş medalını qazandırıb.