Azərbaycanın cüdo üzrə yığma komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının ikinci yarış günündən sonra medal sıralamasında ilk "5-lik"də qərarlaşıb.
Fanat.Az xəbər verir ki, aktivində 1 qızıl və 1 bürünc medal olan seçməmiz ümumkomanda hesabında Fransa (2 qızıl, 2 gümüş, 2 bürünc), Böyük Britaniya (2 qızıl), İspaniya (1 qızıl, 1 gümüş, 1 bürünc) və İsraildən (1 qızıl, 2 bürünc) geri qalır.
Kişilərin sıralamasında isə ölkəmiz yalnız İspaniyanı (1 qızıl, 1 gümüş) önə buraxaraq ikinci pillədə yer alıb.
Qeyd edək ki, Azərbaycana qızıl medalı 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov qazandırıb. Bürünc mükafatı isə eyni çəkidəki Rüstəm Orucov ölkəmizin hesabına yazdırıb. Sabah - mayın 1-də kişilərdə daha üç (90, 100 və +100 kq), qadınlarda isə iki (78 və +78 kq) çəkidə mübarizə baş tutacaq. Yarışın son günündə Azərbaycanın üç kişi cüdoçusu qüvvəsini sınayacaq. 90 kq-da Məmmədəli Mehdiyev, 100 kq-da Elmar Qasımov, 100 kiloqramdan yuxarı çəki dərəcəsində isə Uşanqi Kokauri tatami üzərinə çıxacaq.