Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda qarşılaşmada yığmanın digər üzvü Rövşən Əliyevi məğlub edib.
Qeyd edək ki, "Böyük Dəbilqə" iyunun 5-də başa çatacaq. Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunur.
***
Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşdə bir-birilərinə rəqib olublar.
Fanat.Az xəbər verir ki, kişilərin 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançılardan Rövşən Əliyev ardıcıl olaraq İrakli Kupatadze (Gürcüstan) və Aybek Omırova (Türkmənistan) qalib gəlsə də, yarımfinalda Temur Nozadzeyə (Gürcüstan) uduzub. Eyni çəkidəki Turan Bayramov 1/8 finalda Allan Kuvabaranı (Braziliya) yenib. Lakin 20 yaşlı cüdoçu növbəti mərhələdə Giorgi Sardalaşviliyə (Gürcüstan) məğlub olub. Təsəlliverici görüşdə Bekirbek Morqoyevi (Ukrayna) məğlub edən idmançı bürünc medal uğrunda görüşdə Rövşən Əliyevə rəqib olub. Beləliklə, Azərbaycan millisi "Böyük Dəbilqə"də ilk medalı təmin edib.
66 kq-dakı İsmayıl İbrahimov startdaca Yevgeni Qonçarkoya (Ukrayna) yenilib. Eyni çəkidəki İbrahim Əliyev Sərdar Rahimov (Türkmənistan) və Erik Takabatakenin (Braziliya) müqavimətini qırsa da, 1/4 finalda Giorgi Tutaşvili ilə bacarmayıb. O, təsəlliverici görüşdə Muxriddin Tilovovla (Özbəkistan) dueldən də məğlub ayrılaraq yeddinci yerlə kifayətlənib.
Qadınların yarışında 48 kq-dakı Şəfəq Həmidova 1/8 finalda Nataşa Ferreyraya (Braziliya), Aişə Qurbanlı isə Amber Qersjesə (Niderland) uduzub.
Qeyd edək ki, "Böyük Dəbilqə" turniri iyunun 5-də başa çatacaq. Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunur.
***
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 təmsilçisi tatami üzərinə çıxacaq.
Kişilərin 60 kiloqram çəki dərəcəsində yer alan Turan Bayramov startda Allan Kuvabara (Braziliya) / Xanbolat İrisbekov (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Rövşən Əliyev Daniel Lautger (Avstriya) / İrakli Kupatadze (Gürcüstan) cütünün güclüsü ilə qüvvəsini sınayacaq. Hər iki cüdoçumuzun ilk görüşü 1/8 finala təsadüf edəcək.
66 kq-da yer alan cüdoçularımızdan İsmayıl İbrahimov 1/16 finalda Yevgen Qonçarkonun (Ukrayna), İbrahim Əliyev Serdar Rahimovun (Türkmənistan) müqavimətini qırmağa çalışacaq.
Qadınların 48 kiloqram çəki dərəcəsində yarışan Şəfəq Həmidova 1/8 finalda Nataşa Ferreyranı (Braziliya), eyni çəkidəki Aişə Qurbanlı Amber Qerşesi (Niderland) sınağa çəkəcək.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunur.