Azərbaycan Cüdo Federasiyasının (ACF) daha bir hakimi “A” kateqoriyalı hakim statusu qazanıb.
Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 10-12 tarixlərində İspaniyanın paytaxtı Madriddə Beynəlxalq Cüdo Federasiyası tərəfindən “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib. 14 hakimin iştirakı ilə keçirilən imtahan BCF-nin hakimlər üzrə direktoru Daniel Florin Laskau və Avropa Cüdo Birliyinin Hakimlər Komitəsinin sədri Aleksandr Yastkeviç tərəfindən keçirilib. İmtahanda ACF-nin hakimlər heyətinin üzvü Nazim Umbayev da iştirak edib.
Hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, həmin tarixlərdə keçirilən böyüklər arasında Açıq Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Nazim Umbayev “A” kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.
Xatırladaq ki, cari ilin may ayında ACF-nin hakimlər üzrə meneceri Mətin Rəhimli də “A” kateqoriyalı hakim statusu qazanmışdı.