Bu gün Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə oğlanların 50, 55, 60, qızların 40, 44 və 48 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşəcək.
Azərbaycan təmsilçilərindən Xalid Məmmədov (50 kq) startda Qor Safaryan (Ermənistan) / Aryan Rixter (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni çəkidəki Məhəmməd Məmişov Vasilie Erseqoviçi (Monteneqro) sınağa çəkəcək. Hər iki cüdoçumuzun ilk görüşü 1/8 final mərhələsinə təsadüf edəcək.
55 kq-dakı Şahin Oruczadə 1/8 finalda Veljko Milanoviçin (Serbiya), 60 kq-da yer alan Nizami İmranov 1/16-də Abdulsamet Çakırın (Türkiyə) müqavimətini qırmağa çalışacaq.
Qızlardan Xumar Qasımzadə (44 kq) ilk olaraq Frida Reiszlə (Almaniya), Aydan Vəliyeva (48 kq) Ronya Klein (Almaniya) / Pinar Boğa (Türkiyə) cütünün qalibi ilə qüvvəsini sınayacaq. Xumar mübarizəyə 1/16, Aydan 1/8 mərhələsindən qoşulacaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Final bloku 18:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan yarışa 14 cüdoçu ilə qatılıb. İyunun 26-dək davam edəcək qitə birinciliyində 40 ölkədən ümumilikdə 420 (231 oğlan, 189 qız) idmançı qüvvəsinı sınayacaq. İlk üç gündə fərdi, son gündə isə komanda yarışı baş tutacaq.