Azərbaycanın daha bir cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, oğlanların 60 kq çəki dərəcəsində mübarizə aparan Nizami İmranovun finalda rəqibi macarıstanlı Adam Mayor olub. "İppon"la qələbə qazanan cüdoçumuz Avropa çempionatının baş mükafatına sahib çıxıb.
Final görüşünə çıxan digər cüdoçumuz - qızların 48 kq çəkisində yer alan Aydan Vəliyeva isə isveçli Tara Babulfata uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatında ilk yarış gününü 4 medalla başa vurub.
Daha əvvəl Şahin Orucov (55 kq) qızıl, Məhəmməd Məmişov (50 kq) bürünc medala yiyələnib.
*** 19:17
Azərbaycan cüdoçusu Şahin Oruczadə Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə serbiyalı Matiya Yeremiçlə üz-üzə gəlib. Rəqibinə əsas vaxtda "ippon" xalı ilə qalib gələn Oruczadə qitə çempionu adına sahib çıxıb.
Bu, millimizin yarışda ikinci medalı olub. Daha əvvəl Məhəmməd Məmişov (50 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, bu gün daha iki cüdoçumuz final görüşünə çıxacaq. Qızların mübarizəsində Aydan Vəliyevanın (48 kq) rəqibi isveçli Tara Babulfat olacaq. Oğlanların 60 kq çəkisində yer alan Nizami İmranov isə macar Adam Mayor ilə qarşılaşacaq.
*** 18:48
Azərbaycan cüdoçusu Məhəmməd Məmişov yeniyetmələr arasında Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatının bürünc medalını qazanıb.
Fanat.Az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda həlledici görüşdə ermənistanlı Qor Safaryanla qarşılaşıb. Rəqibinə "qızıl xal" bölümündə "vaza-ari" ilə qalib gələn Məmişov qitə üçüncüsü olub.
Qeyd edək ki, bu gün üç cüdoçumuz yarışda final görüşünə çıxacaq. Qızların mübarizəsində Aydan Vəliyevanın (48 kq) rəqibi isveçli Tara Babulfat olacaq. Oğlanlardan Şahin Orucov (55 kq) serbiyalı Matiya Yeremiçlə Nizami İmranov (60 kq) isə macar Adam Mayor ilə üz-üzə gələcək.