Azərbaycan cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının ikinci günündə daha 4 medal qazanıb.
Fanat.Az xəbər verir ki, qızların 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fidan Əlizadə finalda macarıstanlı İnez Boqnarla qarşılaşıb. Rəqibinə "ippon" xalı ilə qalib gələn idmançımız qitə çempionu olub.
66 kq-da çıxış edən cüdoçularımız Nicat Nağıyev, Əbil Yusubov və 73 kq-da yer alan Əli Hacızadə isə 3-cü yeri tutublar. Onlar müvafiq olaraq, fransalı Aleksis Renar, italiyalı Federiko Bosis və israilli Yaniv Aqronovu yeniblər
Bununla da Azərbaycanın Avropa çempionatında qazandığı medalların sayı 8-ə çatıb.
Qeyd edək ki, ilk yarış günündə Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) isə bürünc medal əldə edib.
*** 17:41
Azərbaycanın yeniyetmə cüdoçusu Fidan Əlizadə Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, qızların 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıllıqla Avstriya, Bosniya və Herseqovina, Sloveniya və Latviyadan olan rəqiblərini "ippon"la yenərək adını finala yazdırıb. Qızıl medal uğrunda görüşdə onun rəqibi macarıstanlı İnez Boqnar olacaq.
Oğlanların 66 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Nicat Nağıyev və 73 kq-da yer alan Əli Hacızadə yarımfinaladək irəlilələsələr də, finalın bir addımlığında Gürcüstan cüdoçularına - müvafiq olaraq, Saba Samadaşvili və Giorgi Mişvelidzeyə uduzublar. Nicat bürünc medal uğrunda Aleksis Renard (Fransa), Əli Yaniv Aqronov (İsrail) ilə qarşılaşacaq.
66 kiloqram çəkidəki digər təmsilçimiz Əbil Yusubov 1/4 finalda Nicat Nağıyevə uduzsa da, təsəlliverici görüşləri qələbə ilə başa vuraraq "bürünc" görüşünə vəsiqə qazanıb. O, üçüncü yer uğrunda italiyalı Federiko Bosislə üz-üzə gələcək.
Qeyd edək ki, Poreçə 14 nəfərlik heyətlə yollanan Azərbaycan millisi ilk yarış günündə 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Şahin Oruczadə (55 kq) və Nizami İmranov (60 kq) qitə çempionu olub. Gümüş mükafatı qızların 48 kq çəkisində Aydan Vəliyeva, "bürünc"ü isə Məhəmməd Məmişov (50 kq) ölkəmizin aktivinə yazdırıb.
İyunun 26-dək davam edəcək qitə birinciliyinə 40 ölkədən ümumilikdə 420 (231 oğlan, 189 qız) cüdoçu qatııb. İlk üç gündə fərdi, son gündə isə komanda yarışı baş tutacaq.
***
Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə Azərbaycanın daha altı cüdoçusu mübarizəyə qoşulacaq.
Oğlanların 66 kq çəki dərəcəsində yer alan Nicat Nağıyev startda Alexandru Moraru (Moldova) / Saad Dikajev (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Əbil Yusubov isə İrakli Qoqinaşvili (Böyük Britaniya) ilə münasibətləri aydınlaşdıracaq. Hər iki idmançımızın ilk döyüşü 1/16 final mərhələsinə təsadüf edəcək.
73 kq-dakı təmsilçilərimizdən Əli Hacızadə 1/16 finalda Dimitrie Saviçlə (Bosniya və Herseqovina), Süleyman Əliyev - Lenz Naprudnik (Avstriya) / Luka Cavaxişvili (Gürcüstan) cütünün qalibi ilə gücünü sınayacaq.
Qızlardan Vüsalə Hacıyeva (52 kq) 1/16 finalda Denitsa Qriqoryeva (Bolqarıstan) ilə, Fidan Hacızadə (57 kq) eyni mərhələdə Helena Rottenhofer (Avstriya) ilə qarşılaşacaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Final blokuna 18:00-da start veriləcək.
Qeyd edək ki, Avropa çempionatına 14 cüdoçu ilə qatılan Azərbaycan millisi ilk yarış günündə 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Şahin Oruczadə (55 kq) və Nizami İmranov (60 kq) qitə çempionu olub. Gümüş mükafatı qızların 48 kq çəkisində Aydan Vəliyeva, "bürünc"ü isə Məhəmməd Məmişov (50 kq) ölkəmizin aktivinə yazdırıb.
İyunun 26-dək davam edəcək qitə birinciliyinə 40 ölkədən ümumilikdə 420 (231 oğlan, 189 qız) cüdoçu qatııb. İlk üç gündə fərdi, son gündə isə komanda yarışı baş tutacaq.