15:15 05.07.2022 683

"Dedim, bir il möhlət verin, içimdə yanğı var" - Elxan Məmmədov

O, ilk dəfə cüdo zalına daxil olanda yaşıdlarının əksəriyyəti müəyyən yarış təcrübəsinə sahib idi. Bəzilərinin isə evində kubok, medallardan ibarət bir guşə yer alırdı. Başqalarının Avropa, dünya, hətta olimpiya çempionu olduğu yaşda, o, bir dəfə də olsun, beynəlxalq yarışda iştirak etməmişdi. 

Azərbaycan cüdosunun əzmkarlıq simvolu adlandıra biləcəyimiz dünya və Avropa çempionu Elxan Məmmədovun karyerasını - onun Azərbaycan idmanı tarixində açdığı bir-birindən parlaq səhifələri "vərəqləyəcəyik".

"Məni işə həvəsləndirirdi"

Elxan Əbülfəz oğlu Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarında yunan-Roma güləşi və futbolla məşğul olub. Lakin vaxt keçdikcə bu idman növlərinin ona görə olmadığını görüb və bibisi oğlunun məsləhəti ilə cüdonu seçib. Elxan Ağanağı Cəfərovun yanında yapon döyüş təliminin sirlərinə yiyələnməyə başlayanda artıq 14 yaşı var idi. 

Respublikanın əməkdar məşqçisi Ağanağı Cəfərov Elxanın yeniyetməlik və ilk gənclik illərindən söz açır:

"O vaxt mən "Ehtiyat Əmək Qüvvələri" İdman Cəmiyyətində işləyirdim. İlk dəfə onu zalda görəndə yaşına xas olmayan ciddiyyət, baxışlarındakı qətiyyət diqqətimi cəlb etdi. Sonradan əmin oldum ki, o, adi uşaq deyil, hamıdan fərqlidir. Elxan məni işə həvəsləndirirdi. Belə desək, yaradıcı uşaq olub. Hansı fəndin icrasını ona başa salırdımsa, digər variantlarını da icra etməyə çalışırdı. 

Səhv etmirəmsə, 1999-cu il idi. Biz məcburiyyətdən zalımızı dəyişməli olmuşduq. İndiki Neft və Sənaye Universitetinin zalına köçmüşdük. Orada da demək olar, heç bir şərait yox idi. Adicə tatamimiz yox idi. Bu cür çətin günlərimiz olub.

Ümumiyyətlə, Elxanın idman karyerası çox keşməkeşli olub. Bu adamı uzun illər heç bir beynəlxalq yarışa aparmadılar. Axırı məcbur qalıb onu samboya keçirtdim. İlk yarışı da Rusiyada təşkil olunan ənənəvi Xarlampiyev turniri idi. Həmin yarışda Elxan qalib oldu. Ardınca digər yarışlarda da fərqləndi. Yalnız bundan sonra onu cüdo üzrə beynəlxalq turnirlərə apardılar.

Zaman-zaman bəzi adamlar çalışıblar ki, ayağından çəksinlər. Uğurlarına qısqanclıq, hətta deyərdim, paxıllıqla yanaşıblar. Amma o, həmişə öz müdrikliyini qoruyub. Ətrafındakı hər kəsin uğuruna özününkü kimi sevinib. İnanın, yetirməm olduğuna görə demirəm. Azdan-çoxdan tanıyan kimdən soruşsaq, cavabı eyni olacaq".

İki illik ayrılıq və qucaq-qucaq medallar

17 yaşında ikən ciddi zədə alan Elxan uzun müddət tatamidən uzaq qalıb. Təxminən 2 il sonra məşqlərini bərpa edən gələcək dünya və Avropa çempionu 22 yaşınadək heç bir beynəlxalq yarışda iştirak etməmişdi. Bu, o yaşdır ki, Azərbaycanın cüdo üzrə hər iki olimpiya çempionunun artıq ulduzu parlamış, minlərlə yeniyetmənin kumirinə çevrilmişdi.

2004-cü ildə Sloveniyanın paytaxtı Lyublyanada 23 yaşadək cüdoçular arasında Avropa çempionatının bürünc medalına sahib çıxan Elxan növbəti uğurunu 2007-ci ildə Niderlandın Rotterdam şəhərində keçirilən "Böyük Dəbilqə"də əldə edir (bürünc medal). Bundan qısa müddət sonra Bakıda Dünya kuboku yarışının baş mükafatını boynundan asan Məmmədov Tbilisi və Praqadakı yarışlardan vətənə bürünc medalla dönür. 2008-ci ildə isə o, Lissabonda baş tutan Avropa çempionatında finala qədər irəliləyir. Burada niderlandlı Mark Hayzinqaya uduzan 26 yaşlı idmançı karyerasının ən böyük uğurunu qazanır.  Növbəti il Norveç turnirində bürünc, Bakının ev sahibliyi etdiyi Dünya Kubokunda  qızıl medal qazanan Elxan Tbilisidə keçirilən qitə çempionatını üçüncü yerdə başa vurur. 2010-cu ildə isə o, Tokioda keçirilən dünya çempionatının bürünc medalına sahib çıxaraq karyerasında yeni səhifə açır. İlk dəfə 28 yaşında mundial mükafatına yiyələnən usta cüdoçu növbəti ilin əvvəlində Bakıda təşkil olunan nüfuzlu "Dünya Ustaları" yarışının qalibi olur. O, "Sərhədçi" İdman Kompleksinin dolu tribunaları önündə keçən turnirin final görüşündə üç ay əvvəl DÇ-nin yarımfinalında uduzduğu məşhur gürcü əsilli Yunanıstan cüdoçusu İlias İliadisi "ippon"la məğlub edir.

Lakin Elxan London 2012 Yay Olimpiya Oyunlarında uğursuzluğa düçar olur. İlk iki mərhələdə müvafiq olaraq Tacikistan və Özbəkistan cüdoçularından üstün olsa da, 1/4 finalda sonradan yarışın çempionu olan İrakli Tsirekidzeyə uduzur. Təsəlliverici görüşdə isə misirli Heşam Mesbah Məmmədov üçün keçilməz olur.

Bunadək titullarının böyük əksəriyyətini 90 kiloqram çəki dərəcəsində qazanan Elxan növbəti ildən 100 kiloqram çəkidə çıxış etməyə başlayır. İlk uğur isə özünü çox gözlətmir. 31 yaşlı cüdoçu mayın əvvəlində Bakıda təşkil olunan "Böyük Dəbilqə" "qızıl"ının ardından ayın son günlərində Rusiyanın Tümen şəhərində "Dünya Ustaları" turnirinin baş mükafatına sahib çıxır. 

Beləcə, yeni çəkisində də iddiasını ortaya qoyan Elxan bundan üç ay sonra Azərbaycan cüdo tarixində yeni bir səhifə açır.

"Artıq tarix yazmağın zamanıdır"

2013-cü ildə Rio De Janeyroda təşkil olunan mundiala qədər bizim cüdoda iki olimpiya çempionumuz olsa da, dünya çempionatının qızıl medalına sahib çıxan təmsilçimiz yox idi. Bunadək olimpiya çempionlarımız Nazim Hüseynov və Elnur Məmmədli titulun biraddımlığınadək gəlsə də, sonda "gümüş"lə kifayətlənmişdilər.

Məmmədov yeni çəkidə ilk mundialının startında israilli Or Sassonu, sonrakı mərhələlərdə ispaniyalı David Alarza və Takeşi Ononu "vaza-ari" xalı ilə məğlub edərək yarımfinala yüksəlir. Burada özbəkistanlı Soyib Kurbonova da "vaza-ari" ilə qalib gələn 31 yaşlı idmançı "qızıl", Azərbaycan cüdosunda çatışmayan yeganə titul uğrunda məşhur Niderland cüdoçusu Henk Qrolla qarşı-qarşıya gəlir. O vaxtadək iki dəfə dünya çempionatının finalına çıxsa da, sonda titula yiyələnə bilməyən ikiqat olimpiya üçüncüsü duelin favoriti idi.

Elxan həmin görüşü belə xatırlayır:

"Həmin gün Qrolun məşqini izləmişdim və onun fiziki cəhətdən nəyə qadir olduğunu görmüşdüm. Bu səbəbdən bir qədər narahat idim. Final görüşündən əvvəl yığma komandanın məşqçiləri mənə dedilər ki, artıq tarix yazmağın zamanıdır. Sən bu görüşdə mütləq qalib gəlməlisən. Peter Zayzenbaher məni çağırıb bildirdi ki, indiyə qədər Azərbaycanın idman tarixində cüdo üzrə dünya çempionu olmayıb. Amma mən bilirəm ki, sən bu dəfə bu uğursuzluğa son qoyacaqsan. Onun mənə "Sən bu gün çox güclüsən” deməyi özümə inamımı artırdı”.

Gözlənildiyi kimi, gərgin keçən qarşılaşmanın taleyini bir səhv həll edir. Elxanın rəqibin ani boşluğundan yararlanaraq, ona tətbiq etdiyi fənd "vaza-ari" ilə qiymətləndirilir və idmançımız bu üstünlüyünü çətinliklə də olsa, görüşün sonunadək qoruya bilir. Beləliklə, mundiallar tarixində ilk dəfə Azərbaycanın dövlət himni səslənir və üçrəngli bayrağımız ən yüksəkdə dalğalanır.

Nəticədə, Elxan Məmmədov 2013-cü ildə Azərbaycanın ən yaxşı idmançısı seçilir.

"Qışqıra-qışqıra bulvarboyu qaçdım"

Ağanağı Cəfərov Elxanın dünya çempionu olduğu günü xatırlayır:

"Həmin gün dostlarla yığışıb bulvarda oturmuşduq. İri ekran vasitəsilə Elxanın çıxışını izləyirdik. Elxan çempion olanda sevincimdən dəli kimi bayıra atıldım. Bulvarboyu qışqıra-qışqıra qaçdım. Mənə baxan dostlarımın təəccübdən gözləri kəllələrinə çıxmışdı. Amma indi də utanmıram o anlara görə. O, bir məşqçi kimi həyatımın ən böyük sevinci idi".

"Dedim, içimdə yanğı var"

Sonrakı illərdə Qran Pri və "Böyük Dəbilqə" yarışlarında sözünü deyən qocaman cüdoçu Rio 2016-ya lisenziya verən yerdə qərarlaşsa da, sonda məşqçi heyəti Olimpiya Oyunlarına daha yuxarı sırada olan Elmar Qasımovu aparmaq qərarı verdi. Bu vaxt Məmmədovun artıq 35 yaşının astanasında idi. Düşünmək olardı ki, artıq hər şey bitib, keçmiş komanda yoldaşı Elnur Məmmədlinin təbirincə desək, Oimpiya çempionlarının qənimini bundan sonra tatamiyə qaytaracaq bir stimul yoxdur. Ancaq... Rio Olimpiadasından heç iki ay keçməmiş "Böyük Dəbilqə" seriyasından olan turnirdə iştirak üçün Əbu-Dabiyə yollanan Məmmədov maksimum nəticə ilə "hələ tələsməyin" mesajı verdi. Ardınca Antalya Qran Pri və Bakı "Böyük Dəbilqə" yarışlarında əldə olunan bürünc medallar illərin stabillik nümunəsini yenidən diqqət mərkəzinə gətirdi.

Elxan həmin dövrü xatırlayır:

 "Elmarın əvəzinə Rioya mən getsəydim, Olimpiya çempionu da ola bilərdim. Həmin ərəfədə özümü çox güclü hiss edirdim. Sadəcə, son turnirdə o, daha yaxşı oldu. O cür forma ilə Olimpiadanı kənardan izləmək çox çətin idi. Digər tərəfdən, məndə əminlik yarandı ki, bu rəqiblərlə hələ mübarizə aparmaq mümkündür. Olimpiadadan dərhal sonra məşqçi kimi davam etməyim qərara alınmışdı. Federasiya rəhbərliyindən xahiş etdim ki, mənə cəmi bir il möhlət versinlər. Dedim ki, tükəndiyimi hiss etmirəm, içimdə yanğı var, imkan yaradın, peşman olmamağınız üçün əlimdən gələni edəcəyəm".

Növbəti ilin təqvimində üç mühüm yarış yer alırdı. Varşavada Avropa çempionatı, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları və Budapeştdə dünya çempionatı.

AÇ öncəsi açıqlamalarında məşqçilər hər nə qədər bir ay sonrakı İslamiadanı prioritet göstərsə də, qitə mükafatının daha qiymətli olduğu faktdır. 

Səhər yuxudan ayılanda hiss elədim ki, gün mənim günüm olacaq", - deyir Məmmədov: 

"Biz, adətən yarış günü nəticənin necə olacağını hiss edirik. Həmin gün özümə çox arxayın idim. Ümumi əhval-ruhiyyəmin, bədənimin reaksiya qabiliyyətinin istədiyim kimi güləşməyə imkan verəcəyinə inanırdım".

Beləliklə, o, Avropa çempionatında ilk qarşılaşmada italiyalı Vinçenzo Darkonu, sonradan köhnə tanışı - latviyalı Yevgenis Borodavkonu, qrupun həlledici mərhələsində İsrail təmsilçisi Piter Paltçiki "ippon"la məğlub edir. Yarımfinalda isə komanda yoldaşı Elmar Qasımova "vaza-ari" ilə qalib gələn Elxan karyerasında ikinci dəfə qitə çempionatının finalına yüksəlir.

Dərsliklərə düşəcək fənd və baxdıqca baxılan sevinc

100 kiloqramda ilk dəfə qitə çempionatının finalına çıxan Elxan, Rio 2016-nın bürünc mükafatçısı, fransalı Sirill Mare ilə bunadək üz-üzə gəlməmişdi. Digər tərəfdən, onun kimi 30 yaşlı təcrübəli rəqibin də kolleksiyasında Avropa çempionatının qızıl medalı yox idi. Odur ki, tərəflərin bir-birinə zərrə qədər də güzəştə getməyəcəyini proqnozlaşdırmaq çətin deyildi. Olduqca soyuqqanlı, ağır mübarizə "qızıl xal"a doğru uzanır. Nəhayət, əlavə vaxtın 38-ci saniyəsində nəhəng Mareni aldadaraq, sağ qol tutuşundan çiyin üzərinə gətirən Məmmədov, əsl finala layiq amplituda ilə öz " kral" fəndinin (yaponca; "sode tsurumi qoşi) icrasını başa çatdırır. Ələlxüsus da, yüz kiloqram çəki dərəcəsində bu cür mükəmməl fəndlərə nadir hallarda rast gəlindiyindən, yarışın təcrübəli şərhçiləri belə, heyrətini gizlədə bilməmişdi. Sevinci isə ən azından, fəndin özü qədər möhtəşəm alındı. Elxan sanki olimpiya çempionluğunu qeyd edirdi. Belə baxanda, bu, onun üçün elə Olimpiadanı udmağa bərabər idi. O hayqırtıda nələr yox idi ki... Üstündən beş ildən çox zaman keçməsinə baxmayaraq, baxdıqca baxılan, hər dəfə də fərqli hisslər yaradan kadrları tərif etməyə heç gərək də yoxdur.

"Sanki hiss etmişdi"

Olimpiya və ikiqat Avropa çempionu, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli keçmiş komanda yoldaşı haqda danışır:

"Elxan Məmmədov... Sözün əsl mənasında böyük idmançı... Bildiyiniz kimi, biz uzun illər Elxanla komanda yoldaşı olmuşuq. Adətən yarışlar vaxtı bir otaqda qalırdıq. Özüm də həmişə can atırdım ki, bir yerdə olaq. Çünki Elxan hər zaman rejiminə çox diqqət edən idmançı olub. Üstəlik, çox maraqlı, deyərdim, nümunəvi xarakterə sahibdir. Yarışlar, təlim-məşq toplanışları ilə bağlı xarici səfərlərdə olanda bizi xüsusi yerlərə aparırdı. Muzeylərə, tarixi abidələrə marağı böyük idi. Onun sayəsində biz də  gedir, baxıb öyrənirdik.

İdmançı karyeramda Elxanla bağlı ən yaddaqalan xatirəm 2011-ci ilin yanvarında Bakıda keçirilən "World Masters" turniri ilə bağlıdır. Həmin gün biz ardıcıl finalda güləşməli idik. Cənab Prezident İlham Əliyevin ailə üzvləri də zaldan görüşləri izləyirdi. Bir-birimizə söz verdik ki, nə olur-olsun, bu gün mütləq qalib gəlməliyik. Halbuki ikimizin də rəqibi kifayət qədər adlı-sanlı idmançılar idi. Mən braziliyalı olimpiya mükafatçısı Leandro Gilyeronu, o isə yunanıstanlı olimpiya, dəfələrlə dünya çempionu, əfsanəvi İlias İliadisi "ippon"la udub bir-birimizə verdiyimiz sözü tutduq.

Təəssüf ki, Elxan layiq olduğu olimpiya medalını ala bilmədi. Ancaq 31 yaşda dünya, 35 yaşda Avropa çempionu olmaq elə ona bərabər uğurlardır. Həm Elxan özü də hər zaman "mən dünya çempionu olacağam" deyirdi. Olimpiya çempionluğu ilə bağlı bir kəlmə eşitməmişdik. Sanki illər öncədən hiss etmişdi".

"Ən"lər arasında böyük Elxan izi
 
35 yaş 55 günlüyündə Avropa çempionatının qalibi olan Elxan Məmmədov Azərbaycan cüdosu tarixinə ən qocaman qitə çempionu kimi düşüb. Yarışın tarixində isə ilk "beşlik"dədir. 2012-ci ildə 35 yaş 103 günlüyündə Çelyabinskdə keçirilən AÇ-nin qızıl medalçısı olan israilli Ariel Zeevidən sonra kişilərin sıralamasında ikincidir. Bu arada, qocaman dünya çempionlarının da ilk "onluğ"unda yer alan Elxan indiyədək 9 dəfə keçirilən "World Masters" (Dünya Ustaları) turnirinin ikinci ən yaşlı qalibidir. Bu gün, sadəcə statistika kimi görünə biləcək bu faktlar, bir vaxtlar ortaya qoyulan dəmir iradə və inanılmaz qətiyyətin bəhrəsidir. Ümumilikdə, müstəqilliyinin 31-ci ilini yaşayan Azərbaycan idmanı tarixində qazanılan onlarla qitə və dünya "qızıl"ı arasında Məmmədovun fantastik çempionluqlarının ayrıca yeri var, şübhəsiz.

Məşqçi uğuru

2018-ci ildə karyerasını başa vuran Elxan daha sonra kişilərdən ibarət yığmamızın məşqçilər korpusunda yer aldı. Hərçənd, idmançı karyerasını davam etdirsəydi, ardıcıl dördüncü dəfə olimpiadaya lisenziya normativini yerinə yetirməsi kifayət qədər real görünürdü. Xatırladaq ki, o, AÇ-dən sonra İslamiadanın qalibi, dünya çempionatının yarımfinalçısı, Dünya Turu seriyasından olan ən nüfuzlu "World Masters" yarışının bürünc mükafatçısı olmuşdu. İlin sonunda "Tokio olimpiadasınadək karyeramı davam etməyi düşünürəm" desə də, Bakıda keçirilən mundial ərəfəsində məşqçiliyə başladığı aydınlaşdı. Dünya və Avropa çempionu bunu davamlı zədələrin ona istədiyi kimi mübarizə aparmaq imkanı verməməsi ilə əlaqələndirdi.

Beləcə, ötən il baş tutan Tokio-2020 Yay Olimpiya Oyunlarınadək böyüklərdən ibarət yığmada  böyük məşqçi postunu tutan Elxan bu ilin yanvarında gənclər yığmasına baş məşqçi təyin olundu. Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyinin etimadını qazanan 40 yaşlı sabiq dünya və Avropa çempionu ona olan güvəni artıqlamasıyla doğrultmaqdadır. Məmmədovun rəhbərliyi altında gənc cüdoçularımız qatıldıqları bütün yarışlarda yüksək nəticələr göstərir, yığma bir qayda olaraq komanda hesabında ilk pillələrdə yer alır. Şübhə etmirik ki, həmin gənclər arasında gələcəyin dünya və olimpiya çempionları var.

Sahib Əsədbəyli

Yazı Azərbaycan Cüdo Federasiyasının keçirdiyi müsabiqəyə təqdim olunur.
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09:00

MPL: "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

Facebookdan bizi izləməyi unutmayın.
X