Azərbaycanın gənclərdən ibarət cüdo yığmasının Ekvadorda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, millimiz yarışa 9 idmançı sifariş verib. Onlardan 8-i oğlan, biri qızdır.
Baş məşqçi Elxan Məmmədov oğlanlardan Turan Bayramov (60 kq), Qədir Hüseynov, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibova (+100 kq) şans verəcək.
Heyətdə yer alan yeganə qız cüdoçu isə Aytac Qardaşxanlıdır (63 kq).
Qeyd edək ki, dünya birinciliyi 10-14 avqustda keçiriləcək. İlk üç gündə fərdi, sonda isə qarışıq komanda mübarizəsi baş tutacaq. Bu günədək 32 ölkə yarışda iştirakını təsdiqləyib.