Azərbaycan cüdoçusu Fidan Əlizadə Slovakiyanın Banska-Bistritsa şəhərində təşkil olunan XVI Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində yer alan idmançı ardıcıl olaraq Terezia Venekova (Slovakiya), Emma Melis (Fransa) və Julia Bulandanı (Polşa) yenərək finala yüksəlib. Həlledici görüşdə niderlandlı Julie Beurskenslə qarşılaşan Əlizadə rəqibini "ippon"la məğlub edərək yarışın qalibi adını qazanıb. Bu, Azərbaycanın EYOF-da ilk qızıl medalı olub.
Digər qız cüdoçumuz Aydan Vəliyeva (52 kq) isə yığmanın aktivinə bürünc medal yazdırıb. O, həlledici dueldə Böyük Britaniya təmsilçisini üstələyib.
Bu gün mübarizəyə qoşulan digər cüdoçularımız - Eltac Yusifli (66 kq) və Qədir Hüseynov (73 kq) isə çıxışlarını medalsız başa vurublar.
Qeyd edək ki, cüdo yarışlarının ilk günündə Azərbaycan təmsilçilərindən Murad Əliyev (55 kq), Nurlan Kərimli (60 kq) və Könül Əliyeva (48 kq) gümüş medal qazanıb.
Yarış iyulun 30-dək davam edəcək. İlk dörd gündə fərdi, son gündə isə komanda turniri keçiriləcək. Azərbaycan millisi EYOF-a 12 cüdoçu ilə qatılıb.
***
Slovakiyanın Banska-Bistritsa şəhərində təşkil olunan XVI Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) davam edir.
Fanat.Az xəbər verir ki, cüdo yarışlarının ikinci gündə Azərbaycanın daha 4 təmsilçisi tatami üzərinə çıxacaq.
Oğlanların 66 kq çəki dərəcəsində yer alan Eltac Yusifli 1/16 finalda İvan Katiçi (Xorvatiya) sınağa çəkəcək. 73 kq-da mübarizə aparan Qədir Hüseynov isə eyni mərhələdə Randi Nagel (Estoniya) ilə üz-üzə gələcək.
Qızlardan Aydan Vəliyeva (52 kq) startda Helen Riegert (Almaniya) / Larissa Sickinger (Avstriya) cütünün qalibi ilə qüvvəsinı sınayacaq. Fidan Əlizadənin (57 kq) ilk rəqibi isə Rakel Bras (Portuqaliya) / Tereza Vanekova (Slovakiya) cütünün qalibi olacaq. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.
Görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Qeyd edək ki, cüdo yarışlarının ilk günündə Azərbaycan təmsilçilərindən Murad Əliyev (55 kq), Nurlan Kərimli (60 kq) və Könül Əliyeva (48 kq) gümüş medal qazanıb.
Yarış iyulun 30-dək davam edəcək. İlk dörd gündə fərdi, son gündə isə komanda turniri keçiriləcək. Azərbaycan millisi EYOF-a 12 cüdoçu ilə qatılıb.