Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan cüdoçularından ən yaxşı göstəriciyə Məmmədəli Mehdiyev malikdir. Bir pillə irəliləyən 29 yaşlı idmançı hazırda 90 kiloqram çəki dərəcəsində dünya reytinqinə başçılıq edir. Onun hesabında 4 641 xal var.
73 kq-da mübarizə aparan Hidayət Heydərov da bir pilləlik irəliləyişə nail olub. 25 yaşlı ikiqat Avropa çempionu hazırda 4 760 xalla ikinci sırada yer alıb. Eyni çəkidəki Rüstəm Orucov 2 463 xalla əvvəlki kimi 6-cıdır.
Kəramət Hüseynov (60 kq) mövqeyini üç, Orxan Səfərov (66 kq) bir, Uşanqi Kokauri (+100 kq) iki pillə yaxşılaşdırıb. Onlar müvafiq olaraq, 8, 7 və 9-cu sırada qərarlaşıblar. Bir pillə geriləyən yığmanın yeni milliləşmiş üzvü Səid Mollayi (81 kq) 3 149 xalla 6-cıdır. 100 kq-dakı təmsilçilərimizdən Zelim Kotsoyev 12-ci, Elmar Qasımov 20-ci yerdədir.
Qadın cüdoçularımızdan Leyla Əliyeva (48 kq) 1 120 xalla 33-cü, Gültac Məmmədəliyeva (52 kq) 584 xalla 53-cü pillədə yer alıb.