"Prezident tərəfindən "Şöhrət" ordeni ilə təltif edilməyim 50 illik davamlı fəaliyyətimə verilən yüksək dəyərdir".
Bunu Fanat.Az-a açıqlamasında bu gün Prezident İlham Əliyevin sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif olunan tanınmış cüdo məşqçisi Tərlan Həsənov deyib.
80 yaşlı mütəxəssis sevincini belə ifadə edib:
"Azərbaycanda cüdonun mövcud olduğu 50 ilin hər günündə izim var. Xəbəri eşidən zaman da yoldaydım, uşaqlara məşq keçməyə gəlirdim. Federasiyadan zəng edib dedilər. Çox sevindim. Şərt o deyil ki, mənə mütləq ev, maşın, pul versinlər, mənim dünya malında gözüm olmayıb. Əməyimin dövlət başçısı tərəfindən belə yüksək təltifə layiq görülməsindən xoş nəsə ola bilməz".
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. Sərəncamla Həsənov Tərlan Əliheydər oğlu və Rəcəbli Əhməddin İzət oğlu “Şöhrət” ordeni, Kələntərov Ceyhun Musa oğlu isə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Məmmədli Elnur Çingiz oğlu və Qarayeva Sevda Qiyas qızına “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.
Sahib