DÇ-2022-nin pley-off matçında Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzaraq mundialla vidalaşan İtaliya millisinin baş məşqçisi Roberto Mançini məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, "Football Italia" onun söylədiklərini belə çatdırıb:
"Avro-2020 həyatımın ən gözəl dönəmi idi... Bu gün isə böyük məyusluq içindəyəm. Deməyə söz tapmıram. Bəzən ağlagəlməz hallarla qarşılaşmalı oluruq. Qələbə üçün mümkün olan hər şeyi etsək də, istəyimizə çata bilmədik. Avropa çempionatındakı qələbədən sonra sanki bəxt bizdən üz döndərdi. Sentyabrdan bəri xoş olmayan sürprizlərlə qarşılaşırıq... Bircə qol imkanını dəyərləndirməliydik ki, bunu da bacarmadıq. 90+2-ci dəqiqədə qol buraxaraq uduzmaq sadəcə, acı reallıqdır. İndi sabah nə olacağı barədə nəsə danışmaq üçün münasib vaxt deyil. Təbii, hamımız çox üzgünük. Digər tərəfdən, bu, böyük futbolçuların yer aldığı, gələcəyi parlaq görünən millidir".
Qeyd edək ki, İtaliya millisi DÇ-2018-dən də kənarda qalmışdı.
Nihat